Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında beynəlxalq təlim proqramı uğurla başa çatmışdır

10.04.2026
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında beynəlxalq təlim proqramı uğurla başa çatmışdır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “PISA tədqiqatına əsaslanan təhsilin keyfiyyətinin artırılmasında innovativ metod və texnologiyaların rolu” mövzusuna həsr olunmuş beynəlxalq təlim proqramı uğurla yekunlaşmışdır. Təlimlər filialın İnklüziv təhsil mərkəzində təşkil olunaraq müasir pedaqoji yanaşmaların tətbiqi və akademik mühitin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Proqram çərçivəsində 09–10 aprel 2026-cı il tarixlərində Qazaxıstan Respublikasından ezam olunmuş pedaqoji heyət üçün Ümumi fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Lətifə Cəlilova tərəfindən beynəlxalq səviyyəli təlim keçirilmişdir. Təlim zamanı PISA tədqiqatlarının nəticələrinə əsaslanan innovativ metod və texnologiyaların təhsilin keyfiyyətinə təsiri geniş və elmi əsaslarla təhlil edilmişdir.

İnteraktiv formatda təşkil olunan seminarlar çərçivəsində iştirakçılar arasında səmərəli fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır. Təlim prosesində innovativ pedaqoji yanaşmalar, müasir qiymətləndirmə mexanizmləri və PISA çərçivəsində tətbiq olunan metodların praktik əhəmiyyəti xüsusi vurğulanmışdır.

Təlimlərin effektivliyini artırmaq məqsədilə ünsiyyət dili kimi rus dilindən istifadə olunmuş, tərcüməçi qismində filialın Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədova çıxış etmişdir.

08–20 aprel 2026-cı il tarixlərini əhatə edən proqramın əsas məqsədi beynəlxalq təcrübənin paylaşılması, pedaqoji bilik və bacarıqların təkmilləşdirilməsi, həmçinin təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş innovativ yanaşmaların təşviqi olmuşdur.

Təlim proqramının yekununda Qazaxıstan Respublikasından gəlmiş pedaqoji heyət filialın direktoru, professor Yusif Alıyev tərəfindən qəbul edilmişdir. Görüş zamanı qonaqlar səmimi qarşılanmış, Azərbaycan ilə Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanmış, bu kimi beynəlxalq təşəbbüslərin perspektivləri geniş şəkildə müzakirə olunmuşdur.

Sonda iştirakçılar professor Yusif Alıyev tərəfindən sertifikatlar və simvolik hədiyyələrlə təltif edilmiş, qonaqlar tərəfindən də qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunmuşdur. Tədbir xatirə fotolarının çəkilməsi ilə başa çatmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?