Filialın Heydər Əliyev adına lektoriyasında baş tutan iclasda rəhbərlik, professor-müəllim heyəti və şura üzvləri iştirak ediblər. Elmi katib Sevinc Babaşova iclasda yetərsay olduğunu qeyd edib. Daha sonra iclası giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev geniş məruzə ilə çıxış edərək, təhsil müəssisəsinin cari fəaliyyəti, qazanılan uğurlar və qarşıda duran strateji vəzifələr haqqında ətraflı məlumat verib. Professor Yusif Alıyev regional təhsilin inkişafında filialın rolunun artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin elmi-ictimai fəallığının dəstəklənməsi istiqamətində görüləcək işləri diqqətə çatdırıb.
Sonra filialın tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva çıxış edərək, regionun əmək bazarına və müasir çağırışlara uyğun olaraq filialda açılması planlaşdırılan və yeni yaradılan ixtisaslarla bağlı görülən işlər barədə geniş hesabat verib. O, yeni ixtisasların tədris proqramlarının hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi və elmi potensialın artırılması istiqamətində atılan addımları iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonda müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.







