Filialın Azərbaycan-Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzində baş tutan iclasda rəhbərlik, professor-müəllim heyəti və şura üzvləri iştirak ediblər. Elmi katib iclasda yetərsay olduğunu elan edərək Elmi Şuranın gündəliyini iştirakçıların nəzərinə çatdırıb.
İclası giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev geniş məruzə ilə çıxış edərək təhsil müəssisəsinin cari fəaliyyəti, qazanılan uğurlar və qarşıda duran strateji vəzifələr haqqında ətraflı məlumat verib. Professor Yusif Alıyev xüsusi olaraq vurğulayıb ki, filialda həyata keçirilən sistemli və məqsədyönlü fəaliyyətin nəticəsidir ki, yeni açılmış “Aqronomluq” ixtisası cari ildə 100 faizlik nəticə ilə dolmuşdur. O, tədrisin keyfiyyətinin yüksəldilməsi, mühazirə və məşğələlərin müasir tələblər səviyyəsində qurulması, eləcə də elmi-pedaqoji potensialın daha da gücləndirilməsi istiqamətində vacib tapşırıqlar verib. Eyni zamanda, qarşıdan gələn 15 Sentyabr – Bilik Günü ilə əlaqədar tədbirlərin təşkili və müvafiq təşkilati məsələlərin yüksək səviyyədə icrası ilə bağlı tapşırıqlarını da diqqətə çatdırıb.
Daha sonra filialın tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva çıxış edərək regionun əmək bazarına və müasir dövrün çağırışlarına uyğun olaraq filialda həyata keçirilən tədbirlər, yeni yaradılan ixtisasların tədris proqramlarının təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi potensialın artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Gündəliyə uyğun olaraq, 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbulun nəticələri barədə filialın Sənəd qəbulu komissiyasının sədri Yusif Abayevin, filialın 2026/2027-ci tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr, həmçinin 2025/2026-cı tədris ilinin Yay semestrinin nəticələri barədə Tədris şöbəsinin müdiri Mələk Bağırovanın, 2026/2027-ci tədris ili üçün magistratura səviyyəsi üzrə qəbulun göstəriciləri və MİQ imtahanlarında filial məzunlarının nəticələri barədə isə Tələbə-məzun karyera şöbəsinin müdiri Hikmət Musayevin məruzələri dinlənilərək geniş müzakirə olunub. Əldə edilən uğurlar yüksək qiymətləndirilib, məzunların respublika səviyyəsində yüksək nəticələr əldə etmələrinin arxasında dayanan sistemli fəaliyyət və elmi-metodiki yanaşmalar hərtərəfli təhlil edilib. Həmçinin müzakirə olunan mövzular ətrafında əyani təqdimatlar nümayiş etdirilib.
İclasın sonunda cari məsələlər hərtərəfli təhlil edilib, yeni ixtisasların tədris prosesinə inteqrasiyası, Bilik Gününə hazırlıq tədbirləri və cari fəaliyyətlə bağlı fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul olunub.











