Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2026–2027-ci tədris ilinin başlanması şərəfinə təntənəli Bilik Günü mərasimi təşkil olunub.

16.09.2026
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 2026–2027-ci tədris ilinin başlanması şərəfinə təntənəli Bilik Günü mərasimi təşkil olunub.

Tədbirdə ​əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

​Mərasimin açılış nitqində ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, qabaqcıl təhsil işçisi professor Yusif Alıyev Pedaqoji Universitetin Quba filialının qazandığı möhtəşəm uğurlardan və hədəflərdən danışıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi diqqət və qayğının bu sahədə əsaslı təməl yaratdığını diqqətə çatdıran direktor qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu möhtəşəm strategiya sayəsində ölkəmizdə təhsilin keyfiyyəti uca zirvələri fəth edib.

​Çıxışının davamında professor Yusif Alıyev filialın cari ildə əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edərək qürurla bildirib ki, Quba filialı üzrə qəbul planı bu tədris ilində 100 faiz dolmuşdur. Xüsusilə vurğulanıb ki, bölgənin aqrar potensialını və müasir kadr tələbatını nəzərə alaraq yeni yaradılan “Aqronomluq” ixtisasına abituriyentlərin göstərdiyi yüksək maraq nəticəsində bu istiqamət üzrə də plan yerləri tam şəkildə dolmuşdur.

​Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı rəşadətli qələbənin mahiyyətinə geniş yer ayıran professor Yusif Alıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması dövlətimizin başçısının siyasi iradəsinin və qətiyyətinin təntənəsidir. Xalqımızın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan bu şərəf Pedaqoji Universitetin Quba filialı qarşısında da təxirəsalınmaz vəzifələr qoyur. Müəllim və tələbə məsuliyyətinin yüksəlişi ümumi uğurlarımızın təməl prinsipi, müasir qlobal təhsilin vacib tələbidir. Bu yolda, filial ailəsinin sıralarına yeni daxil olan tələbələrimiz başda olmaqla hər kəsi bir daha təbrik edir və uğurlar arzulayıram. Yüksək təhsilin əlçatan ünvanı olaraq tələbələri uğurlu təhsil həyatına səsləyən professor Yusif Alıyev əminliklə bildirib ki, ADPU-nun Quba filialı bundan sonra da keyfiyyətli təhsil uğrunda səylərini əzmlə davam etdirəcək.

​Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova Rayon İcra Hakimiyyətinin Başçısı cənab İlqar Mahmudovun adından tələbələri, valideynləri və professor-müəllim heyətini 2026–2027-ci yeni tədris ilinin başlanması – Bilik Günü münasibətilə səmimi-qəlbdən təbrik edib. O, ölkəmizdə gənclərə, təhsilə və elmə göstərilən dövlət qayğısından danışaraq, ADPU-nun Quba filialının bölgənin ictimai-mədəni və elmi həyatındakı mühüm rolunu xüsusi vurğulayıb. Seide Abasova yeni tədris ilində tələbələrə dərslərində və gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, ölkəmizin inkişafı naminə bilikli və vətənpərvər kadr kimi yetişməyin vacibliyini qeyd də edib.

​Sonra Şəhid Nuran Mirzəyevin atası hörmətli Akif Mirzəyev, Pedaqoji Universitetin Quba filialını ən yüksək Aysu Mustafayeva və Elşad Musayevin valideynləri çıxışlarında professor-müəllim heyətini və tələbələri yeni tədris ili münasibəti ilə təbrik edərək, hər kəsə uğurlar arzu ediblər.

​Daha sonra ADPU-nun Quba filialının müəllimi, qocaman pedaqoq Rahib Alpanlı səmimi təbriklərini çatdırıb və tövsiyələrini bölüşüb.

​Rəsmi hissədə Quba filialına 500-dən yuxarı balla daxil olan tələbələrə və onların valideynlərinə təşəkkürnamələr və tələbələrə isə Nailiyyət Sertifikatları təqdim olunub. Daha sonra yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialını seçən tələbələrə GrottoResort və MUSİAD təşkilatı tərəfindən tələbələrə mükafatlar təqdim edilib.

​ADPU-nun Quba filialının IV tədris ili tələbəsi Röya Manafovanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycanda Bilik Günü, onun ümumxalq əhəmiyyəti barədə geniş məlumat verilib. Vurğulanıb ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib.

​Sonda xatirə fotosu çəkilməsi ilə mərasimin birinci hissəsi yekunlaşıb.

​Tədbirin davamı olaraq Şəhid Nuran Mirzəyevin adını daşıyan Xarici dil auditoriyası ziyarət olunub. Əvvəlcə qəhrəman şəhidin büstü önünə tər çiçəklər düzülüb. Sonra filialın direktoru professor Yusif Alıyev yeni qəbul olan tələbələrə Şəhid auditoriyalarının mahiyyəti, şəhidlərimizə, şəhid ailələrinə filialda olan diqqət və qayğılardan bəhs edərək, qəhrəman şəhidimiz Nuran Mirzəyevin qısa və mənalı həyat yolundan danışıb. Daha sonra Şəhid Nuran Mirzəyevin atası Akif Mirzəyev universitetə ilk qədəm qoyan tələbələrə öz xeyir duasını verib.

​ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, qabaqcıl təhsil işçisi professor Yusif Alıyev yüksək balla Pedaqoji Universitetin Quba filialına qəbul olunan tələbələrlə görüşüb. Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzində keçirilən görüşdə filialın struktur rəhbərləri də iştirak ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?