Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında növbəti beynəlxalq təlim-seminar keçirilib

20.02.2026
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialında növbəti beynəlxalq təlim-seminar keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının Peşəkar İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Özbəkistan Respublikasından gəlmiş bir qrup pedaqoq və müəllim üçün “Məktəblərin rəqəmsal transformasiyası: STEAM təhsili və süni intellekt” mövzusunda beynəlxalq təlim-seminarların açılış mərasimi keçirilib.

Açılış mərasimi Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Dövlət himnləri səsləndirilib.

Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru professor Yusif Alıyev qonaqları salamlayaraq Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan tarixi, mədəni və mənəvi bağlılığın dərin köklərə malik olduğunu vurğulayıb. O qeyd edib ki, hər iki xalq əsrlər boyu ortaq tarixi yaddaş, eyni mədəni dəyərlər və zəngin mənəvi irs əsasında formalaşıb, bu əlaqələr müxtəlif tarixi mərhələlərdə qarşılıqlı dəstək və həmrəylik nümunələri ilə möhkəmlənib.

Professor çıxışında XX əsrin əvvəllərində və xüsusilə 1918-ci ilin mürəkkəb ictimai-siyasi şəraitində türk xalqlarının üzləşdiyi sınaqlara toxunaraq, sonrakı sosializm dövrünün milli kimlik, elm və mədəniyyət sahələrinə təsirini elmi kontekstdə təhlil edib.

Nitqində türk-islam sivilizasiyasının inkişafında mühüm rol oynamış görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətinə də geniş yer ayrılıb. Professor böyük sərkərdə və dövlət xadimi Əmir Teymur tərəfindən yaradılmış siyasi və mədəni mühitin sonrakı dövrlərdə regionun dövlətçilik ənənələrinə təsirini qeyd edib. O, həmçinin dünya elminə əvəzsiz töhfələr vermiş dahi alim İbn Sinanın timsalında Orta Asiya coğrafiyasının bəşər sivilizasiyasına bəxş etdiyi elmi irsin əhəmiyyətini vurğulayıb.

Professor Yusif Alıyev Bakı şəhərində keçirilmiş Türkoloji Qurultayın türk xalqları arasında elmi və mədəni inteqrasiyanın mühüm mərhələsi olduğunu bildirib, qurultaydan sonra görkəmli ziyalı Xalid Seyid Xocayevin türk dünyasının elmi yaxınlaşmasına verdiyi töhfələri xüsusi qeyd edib.

Çıxışın davamında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şafqat Mirziyoyev arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Filialın Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhədovanın moderatorluğu ilə keçirilən tədbirdə Fərqanə Regional Pedaqoji Bacarıqlar Mərkəzinin kafedra müdiri Oybek Soliyev, Quba filialının tədris və elmi işlər üzrə direktor müavini, p.f.d. Pərvanə Rzayeva, eləcə də Karakalpakstan Respublikası, Sırdərya, Daşkənd və Fərqanə vilayətlərinin “Mahorat” mərkəzlərinin nümayəndələri çıxış edərək bu cür beynəlxalq seminarların təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.

Tədbirin davamında Avropa Azərbaycan Məktəbinin əməkdaşı, təlimçi Bənövşə Məhərrəmova tərəfindən “STEAM təhsili və süni intellektin məktəb mühitində tətbiqi” mövzusunda təqdimat həyata keçirilib.

Qeyd olunub ki, Quba filialı sözügedən təlim-seminarları ali təhsilin beynəlmiləlləşmə siyasəti istiqamətində Strateji İnkişaf Planının tələblərinə uyğun şəkildə təşkil edir. Bu istiqamətdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu tərəfindən filiala sistemli və davamlı dəstək göstərilir.

Tədbirdə həmçinin tələbələr Yeganə Quliyeva və Ceyran Ağasıyevanın ifasında özbək dilində şeir və rəqs nümunələri səsləndirilib.

Birgə xatirə fotosu çəkilmişdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?