İclasda filialda tədris və idarəetmə proseslərinin keyfiyyətinin təminatı, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, hesabatlılıq və geribildirim əsaslı inkişaf tədbirlərinin planlaşdırılması ilə bağlı aktual məsələlər müzakirə edilmişdir.
İclasın açılışında Komissiyanın sədri, professor Yusif Alıyev çıxış edərək filialda keyfiyyət mədəniyyətinin gücləndirilməsinin prioritet olduğunu vurğulamış, qərarların sübutlara əsaslanması, monitorinq nəticələrinin çevik şəkildə təhlil olunması və nəticələr üzrə konkret tədbirlərin müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd etmişdir. Sədr çıxışında iclas gündəliyində yer alan sənəd və hesabatların filialın strateji hədəfləri ilə uzlaşdığını bildirərək, müzakirələrin interaktiv şəkildə aparılmasının, təkliflərin sistemli şəkildə toplanmasının vacibliyini xüsusi qeyd etmişdir.
“Monitorinq siyasəti” sənədinin müzakirəsi.
Gündəlikdə ilk məsələ ADPU-nun Quba filialının Monitorinq siyasəti sənədinin müzakirəsi olmuşdur. Sənəd barədə məlumatı tədris və elmi işlər üzrə direktor müavini p.f.d. Pərvanə Rzayeva təqdim etmişdir.
Təqdimatda qeyd olunmuşdur ki, “Monitorinq siyasəti” filialda:
– tədris, tədqiqat və inzibati fəaliyyətin sistemli izlənməsi;
– ölçülə bilən göstəricilər (indikatorlar) əsasında qiymətləndirmə aparılması;
– nəticələrə uyğun olaraq təkmilləşdirmə tədbirlərinin planlaşdırılması və icrasının izlənməsi;
– geribildirim mexanizmlərinin gücləndirilməsi və hesabatlılığın təmin edilməsi
kimi istiqamətləri tənzimləyən əsas çərçivə sənəd rolunu daşıyır.
Sənədin tətbiqi ilə monitorinq prosesinin vahid yanaşma əsasında qurulması, bölmələr üzrə rol və məsuliyyətlərin dəqiqləşdirilməsi, nəticələrin təhlili və qərarvermə prosesinə inteqrasiya olunması hədəf kimi təqdim edilmişdir.
Tədrisin keyfiyyətinin qiymətləndirilməsi qrupunun yarımillik hesabatı
Növbəti məsələ üzrə Keyfiyyətin təminatı şöbəsinin müdiri Tərifə Qubatova Komissiyanın tərkibində fəaliyyət göstərən Tədrisin keyfiyyətinin qiymətləndirilməsi qrupunun yarımillik analitik hesabatını təqdim etmişdir.
Təqdimatda dərs dinləmələri üzrə təhlil edilmiş nəticələr diqqətə çatdırılmış, tədris prosesində aşkarlanan güclü və inkişaf tələb edən tərəflər ətraflı müzakirə olunmuşdur. Zəif tərəflərin aradan qaldırılması məqsədilə təkliflər nəzərdən keçirilmiş, tədbirlər planı müzakirə edilmişdir. Tədbirlər planında görüləcək işlər, icraçı struktur bölmələr, icra müddətləri və ölçülə bilən indikatorlar üzrə yanaşma xüsusi vurğulanmışdır.
Professor-müəllim heyətinin reytinq qiymətləndirməsi ilə bağlı müzakirə
İclasda həmçinin filialda keçirilən professor-müəllim heyətinin reytinq qiymətləndirməsi barədə məlumat təqdim edilmiş, ilkin nəticələr müzakirə edilmişdir.
Akademik fəaliyyət və peşəkar inkişaf mexanizmləri üzrə məmnunluq sorğusu
Keyfiyyətin təminatı şöbəsinin aparıcı mütəxəssisi Eldəniz Quliyev professor-müəllim heyəti arasında keçirilmiş “Akademik fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafın dəstəklənməsi mexanizmləri” üzrə məmnunluq sorğusunun nəticələrini təqdim etmişdir.
Təhlillər (deskriptiv statistika, faiz bölgüləri, orta bal üzrə müqayisə, kəsişmə cədvəlləri və açıq cavablar üzrə tematik qruplaşdırma) göstərmişdir ki, ümumilikdə filialda akademik fəaliyyətin qiymətləndirilməsi və peşəkar inkişafın dəstəklənməsi mexanizmləri formalaşmış və fəaliyyət göstərməkdədir. Respondentlərin əksəriyyəti kafedraların fəaliyyəti, ixtisasartırma və təlim imkanları, elmi tədbirlərdə iştirak, eləcə də peşəkar inkişaf üçün yaradılan institusional şərait üzrə qiymətləndirmələrdə orta və yüksək nəticələrə üstünlük vermişdir.
Eyni zamanda, nəticələr maddi-texniki baza, auditoriyaların texniki təminatı, praktiki təcrübə imkanları, eləcə də inkişafyönümlü geribildirim və qiymətləndirmə mexanizmləri üzrə orta və aşağı qiymətləndirmələrin mövcudluğunu göstərməklə, bu sahələrdə məqsədyönlü təkmilləşdirmə tədbirlərinə ehtiyac olduğunu ortaya qoymuşdur.
Bununla yanaşı, Eldəniz Quliyev tərəfindən hazırlanmış “Ali təhsil müəssisələrində Refleksiya və nəticəyönümlü tədris” adlı metodiki vəsait Komissiya üzvlərinə təqdim edilmiş, vəsaitin müəllimlərin refleksiya, dərsin nəticəyönümlü planlaşdırılması və geribildirim bacarıqlarına metodik dəstək məqsədi daşıdığı qeyd olunmuşdur.
Tələbələr arasında sorğuların nəticələri
Şöbənin aparıcı mütəxəssisi Emin Yarəmmədov tələbələr arasında keçirilmiş “Payız imtahan sessiyasının təşkili və keçirilməsi prosesinin keyfiyyətindən məmnunluq sorğusu”nun nəticələrini təqdim etmişdir. Təqdimatda aşkarlanmış problemlər və onların aradan qaldırılması üçün təklif olunan tədbirlər müzakirə edilmişdir.
Eyni zamanda IV kurs tələbələri ilə keçirilmiş “Təhsil haqqında düşüncələr” sorğusunun nəticələri təqdim olunmuş, həmin nəticələr I kursda aparılmış motivasiya sorğusunun nəticələri ilə müqayisəli şəkildə şərh edilmişdir. Bu yanaşma tələbələrin ilkin mərhələdə müəllimlik ixtisasına marağı və universitet haqqında gözləntiləri ilə son mərhələdə formalaşan qiymətləndirmə və yanaşmalarının dinamikasını izləməyə imkan vermişdir. Məlumatlar müqayisəli təhlil, dinamik müqayisə, deskriptiv göstəricilər və açıq cavabların tematik təhlili əsasında ümumiləşdirilmişdir.
Müzakirələr və qarşılıqlı fikir mübadiləsi
İclas boyunca əməkdaşlar arasında aktiv müzakirələr aparılmış, təqdim olunan sənədlər və nəticələr üzrə suallar cavablandırılmış, təkliflər sistemləşdirilmiş və qərarvermə üçün əsas istiqamətlər müəyyənləşdirilmişdir. Komissiya üzvləri monitorinq və sorğu nəticələrinin yalnız hesabat kimi deyil, təkmilləşdirmə tədbirlərini hədəfləyən idarəetmə aləti kimi istifadəsinin vacibliyini vurğulamışlar.
Qərarlar
Müzakirələrin yekununda aşağıdakı qərarlar qəbul edilmişdir:
1. Monitorinq siyasəti sənədi üzrə irad və təkliflər ümumiləşdirilərək sənədin yekunlaşdırılması üçün müvafiq qaydada işlənilməsi.
2. Tədrisin keyfiyyətinin qiymətləndirilməsi qrupunun yarımillik hesabatında göstərilən inkişaf tələb edən istiqamətlər üzrə tədbirlər planının icrasına nəzarətin gücləndirilməsi; plan üzrə məsul strukturlar, müddətlər və indikatorlar əsasında izləmə mexanizminin tətbiqi.
3. Akademik fəaliyyət və peşəkar inkişaf mexanizmləri üzrə sorğu nəticələrinə əsasən maddi-texniki təminat, praktik imkanlar və geribildirim mexanizmləri üzrə təkmilləşdirmə tədbirlərinin planlaşdırılması.
4. Payız imtahan sessiyası sorğusunda aşkarlanan problemlər üzrə düzəldici tədbirlərin müəyyənləşdirilməsi və icrasının izlənilməsi.
5. “Təhsil haqqında düşüncələr” və motivasiya sorğularının müqayisəli nəticələrinin tədris prosesinin təkmilləşdirilməsi və tələbə dəstək mexanizmlərinin gücləndirilməsi üçün istifadə olunması.





