Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş faciədən 12 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) törədilən terror aktından 12 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da səhər saat 09:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri Dilarə Əliyeva küçəsində Qaz-neft mədən və Neft mexanikası fakültələrinin yerləşdiyi ikinci korpusunda baş verib.

Universitetin binasına daxil olan Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə atəş açıb. Terror nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. Dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları hadisə yerinə cəlb olunublar. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsinə çatdıqda əlindəki silahla özünü də vuraraq intihar edib.

Prezident İlham Əliyev ADNA-da baş vermiş faciə nəticəsində həlak olanların ailələrinə və xəsarət alanlara maddi yardım göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.

Ali təhsil müəssisəsində terror qurbanlarının xatirəsinə memorial kompleks quraşdırılıb. Hadisədən 12 il keçsə də, hər il Azərbaycan xalqı faciə qurbanlarını yad edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir