Azərbaycanın təhsil landşaftında mühüm yer tutan Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə ADPU-nun Quba filialı arasında keçirilən ikitərəfli görüş, ali təhsil müəssisələri arasında inteqrasiyanın və elmi-praktik əməkdaşlığın yeni nümunəsini ortaya qoymuşdur. Bu görüş, texniki elmlərin dəqiqliyi ilə pedaqoji elmlərin humanist yanaşmasını bir araya gətirərək, regionda təhsilin keyfiyyətinin yüksəldilməsinə və hər iki müəssisənin potensialının tanıdılmasına hədəflənib.
Görüşdə ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev qonaqları salamlamış və çıxış edərək, bu tərəfdaşlığın strateji əhəmiyyətinə toxunmuşdur. Professor qeyd etmişdir ki, müasir dövrdə pedaqoji kadrların hazırlanması təkcə nəzəri biliklərlə məhdudlaşmamalı, eyni zamanda texnoloji və innovativ nailiyyətlərlə zənginləşməlidir.
Direktor görüş zamanı AzMİU-nun rektoru, professor Gülçöhrə xanım Məmmədovanın rəhbərlik fəaliyyəti və idarəetmə prinsipləri xüsusi qeyd etmişdir. “Gülçöhrə xanımın rəhbərliyi dövründə AzMİU-nun qazandığı beynəlxalq nailiyyətlər və universitetin modernləşmə xətti, əməkdaşlığın uğurlu gələcəyinə böyük inam yaradır.
Onun yüksək peşəkarlığı və ali təhsilin idarə olunmasındakı uzaqgörən yanaşması sayəsində AzMİU bu gün təkcə kadr hazırlayan mərkəz deyil, həm də böyük elmi layihələrin icraçısına çevrilmişdir. Onu da böyük məmnunluqla bildirim ki, ADPU-nun rektoru professor Cəfər Cəfərovun rəhbəliyi ilə Filialımızın da son illərdəki inkişafının əsasında gənc və təcrübəli kadrların harmoniyası dayanır. Hazırda filialda elmi dərəcəli mütəxəssislərin sayının artması, müəllimlərin beynəlxalq konfranslarda və nüfuzlu elmi jurnallarda (Scopus, Web of Science) mütəmadi çıxışları müəssisənin elmi nüfuzunu formalaşdıran əsas amillərdəndir”, -deyə direktor professor Yusif Alıyev çıxışını tamamlayıb.
Müzakirələr nəticəsində bir sıra istiqamətlərdə birgə fəaliyyət qərara alınmışdır. Qeyd edək ki, AzMİU-nun Abituriyentlərlə iș mərkəzinin direktoru f. f. d Aynurə Bayramova, Filialın tədris və elmi işlər üzrə direktor müavini p.f.d Pərvanə Rzayeva, sosial və humanitar məsələlər üzrə direktor müavini p.f.d Aysel Şeydayeva, Təcrübə və Karyera mərkəzinin direktoru i.ü.f.d Xanlar Qəniyev, filialın Tələbə, məzun və karyera mərkəzi şöbəsinin müdiri Hikmət Musayev və böyük mütəxəssis Səidə Mürsəlinin də iştirakı ilə keçirilən görüş, Azərbaycanın paytaxt və bölgə universitetləri arasındakı bağları daha da möhkəmləndirərək, gələcəkdə həyata keçiriləcək böyük layihələrin bünövrəsini qoymuşdur.
