Azərbaycan Dövlət Pedaqoji Universiteti
Quba Filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialı haqqında

M Ə L U M A T

14 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı yaradılmışdır. Filial 2,5 ha ərazidə 2 və 3 mərtəbəli 2 binada yerləşir. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2007-ci il də isə “Azərbaycan dili və ədəbiyyatı”, “Tarix və coğrafiya” ixtisasları olmaqla əlavə 2 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2011-ci ildə “Təhsildə sosial-psixoloji ixidmət”, 2013-cü ildə “Riyaziyyat və informatika müəllimliyi” və həmin il də yenidən bərpa edilmiş “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları hesabına sayı 6-a çatdırılmışdır.

Hazırda filialda 820 nəfərdən çox tələbə təhsil alır. Onlardan 4 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2019-2020-ci tədris ilində filiala 6 ixtisas üzrə 202 nəfər tələbə qəbul olunmuşdur. Fəaliyyətdə olduğu 19 ilə yaxın dövr ərzində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.

Filialda aşağıdakı struktur bölmələr mövcuddur:

1. Direktorluq: Direktor, tədris və elmi işləri üzrə direktor müavini, Tərbiyə işləri üzrə direktor müavini,

2. Ümumi şöbə

3.Mühasibatlıq

4. Təsərrüfat şöbəsi

5. Kitabxana

6. İnformasiya və kommunikasiya texnalogiyaları şöbəsi

7. Dekanlıq: Pedaqoji fakültə

8. Kafedralar:

-Pedaqoji və ictimai fənlər kafedrası;

-Təbiət fənləri və onun tədrisi metodikası kafedrası;

-Ədəbiyyat və dillər kafedrası;

9. Kabinetlər

-Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabineti;

ADPU nun Quba filialına tələbə qəbulu dövlət qəbul planına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Son 3 ildə Filialın ixtisaslarına müsabiqə xeyli yüksəlmiş, keçid ballarında dinamik artım özünü göstərmişdir.

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə - 589-376 bal, 7 nəfər dövlət sifarişli

“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 459-211 bal, 9 nəfər dövlət sifarişli

“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 435-310 bal, 9 nəfər dövlət sifarişli

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 494-319 bal, 7 nəfər dövlət sifarişli

“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə - 550-329 bal, 19 nəfər dövlət sifarişli

“Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə - 373-296 bal, 5 nəfər dövlət sifarişli

Ölkə başçısının 27 noyabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun bir sıra bölgə filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilmişdir. 2019-cu ildən bu ali məktəbə fizika üzrə fəlsəfə doktoru, dosent Yusif İmrayıl oğlu Alıyev rəhbərlik edir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bölgədə mədəni həyatın inişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bir ali təhsil müəssisəsi kimi ötən 26 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 2 mindən artıq ilkin kadr hazırlığı həyata keçirilmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırmışdır. Respublikamızın Şimal-Şərq bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Qubada fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı adı ilə fəaliyyətə başlamışdır. Filiala 6 ixtisas üzrə respublikanın bütün şəhər və rayonundan tələbə qəbul olunur, bölgədə yaşayan 6 nəfər alim, habelə tanınmış, yüksək hazırlıqlı digər mütəxəssislər filialda tədris prosesinə cəlb olunmuşlar. Bəzi elm sahələri üzrə ixtisaslı mütəxəssislərin azlığına görə Bakıdakı ali məktəblərdən, xüsusən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən və AMEA-dan da alimlər dəvət edilmişdir. Fəaliyyəti dövründə bu bölgə ali məktəbində 1200 nəfərdən artıq ali təhsilli pedaqoji kadr hazırlanmışdır. Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 100 nəfər çalışır ki, onlardan da 3 nəfəri elmlər doktoru (o cümlədən 2 nəfəri professor), 15 nəfəri fəlsəfə doktoru, (o cümlədən 6 nəfəri dosent), 14 nəfər baş müəllim, 4 nəfər magistr, 19 nəfəri doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışlar. Hazırda ADPU-nun Quba filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr əldə edilmişdir. Təkcə 2019-2020 cı tədris ilində filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri ehtiyac olan 2 dərslik, 4 proqram, 25 dən çox elmi və elmi metodiki məqalə və 8 konfrans tezisi hazırlanaraq nəşr etdirilmişdir. Filialın professor-müəllim heyətinin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda , müxtəlif layihələrdə müntəzəm iştirak edirlər

ADPU Quba filialını qurtaran gənc mütəxəssislərin xoş soraqları bugün müxtəlif məktəblərdən, maarif şöbələrindən, təhsil ocaqlarından gəlir. Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm Olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr, yarışlar keçirilir, müxtəlif kurslar təşkil olunur. Bu gün ADPU Quba filialı tələbələri bölgənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərində yaxından iştirak edir, cəmiyyətə yararlı şəxsiyyət kimi inkişaf edir. ADPU-nun Quba filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Polşa, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri də vardır. Filialda 21 nəfər tərkibdən ibarət Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.