Hörmətli abituriyentlər, valideynlər və region sakinləri! Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Aqronomluq ixtisasının açılması, Elm və Təhsil Nazirliyinin filialımıza, onun professor-müəllim heyətinə və gənclərimizin potensialına olan yüksək etimadının bariz nümunəsidir. Bu etimad həm də regionun strateji əhəmiyyətinin və gələcək inkişaf perspektivlərinin dövlət səviyyəsində yüksək qiymətləndirilməsinin göstəricisidir. Yeni tədris ili üçün bu nüfuzlu ixtisasa cəmi 20 plan yeri ayrılmışdır ki, bu da yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında keyfiyyət və fərdi yanaşmaya verilən xüsusi önəmin təzahürüdür.
Şimal bölgəsi, xüsusilə Quba-Xaçmaz regionu ölkəmizin aqrar təsərrüfat mərkəzi kimi böyük potensiala malikdir. Dövlətimizin göstərdiyi bu böyük etimad birbaşa regionun sosial-iqtisadi inkişafına və gənclərin yerli əmək bazarında möhkəmlənməsinə xidmət edir. Yeni açılan ixtisas sayəsində gənclərimiz müasir aqrar biliklərə yiyələnərək bölgədə fəaliyyət göstərən böyük aqroparkların, intensiv meyvə bağlarının və emal müəssisələrinin aparıcı qüvvəsinə çevriləcəklər. Bu addım regionda məşğulluğun artırılmasına, kənd təsərrüfatında innovativ yanaşmaların tətbiqinə və ümumilikdə bölgənin iqtisadi rifahının yüksəldilməsinə birbaşa töhfə verəcəkdir. Bizə göstərilən bu yüksək etimadı doğruldaraq, elm və təhsilin gücü ilə torpağa yeni nəfəs verəcək peşəkar kadrlar yetişdirməkdən qürur duyuruq. Siz də bu strateji hədəfin bir parçası olmaq üçün seçiminizi ADPU-nun Quba filialından yana edin!
