Filialın müəllim və tələbə heyətinin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimdə müasir təhsil metodologiyasında süni intellekt texnologiyalarının tətbiqi geniş şəkildə müzakirə olunub. Görüşün təlimçisi qismində çıxış edən filialın 2025-ci il məzunu, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (Unec-də) magistr təhsili alan Sahil Süleymanov rəqəmsal alətlərdən tədris prosesində səmərəli istifadə yollarını iştirakçıların diqqətinə çatdırıb. Filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayevin təşkilatçılığı ilə ərsəyə gələn təlim çərçivəsində müəllimlərin zamanına qənaət edəcək dərs materiallarının və sillabusların qısa zamanda hazırlanması, eləcə də rəqəmsal platformalar vasitəsilə vizual təqdimatların sürətli qurulması üsulları nümayiş etdirilib. Həmçinin, daha rahat və effektiv öyrənmə mühiti yaratmaq üçün müxtəlif mövzular üzrə icmalların hazırlanması metodologiyası ətraflı izah olunub. Öz məzunumuzun timsalında gənclərimizin qazandığı uğurlar və onların doğma universitetə verdiyi bu dəyərli töhfə bütün kollektivimiz tərəfindən yüksək qiymətləndirilib.



