Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı beynəlxalq akademik əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində növbəti uğurlu addımını atıb. Bu çərçivədə Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrindən olan Fərqanə Dövlət Universitetinin geniş tərkibli professor-müəllim heyəti filialımızda qonaq olublar.
Səfər çərçivəsində nümayəndə heyəti filialın Tələbə məzun və karyera şöbəsinin müdiri, Dəqiq və təbiət elmləri kafedrasının müəllimi Hikmət Musayevin dərslərini yaxından izləyiblər. Müasir təhsil standartlarına uyğun, STEAM əsaslı metodologiya ilə keçirilən dərslərdə yeni texnologiyaların tətbiq imkanları və innovativ təlim metodları xüsusi diqqət çəkib.
Qonaqlar Hikmət Musayevin dərslərindəki interaktiv mühitdən, tələbələrin prosesə cəlb olunma səviyyəsindən və müasir texnoloji avadanlıqların tədrisə inteqrasiyasından olduqca məmnun qaldıqlarını bildiriblər.
Nümayəndə heyəti, həmçinin Filologiya kafedrasının aparıcı pedaqoqları – dosent Qələmşah Heybətov və baş müəllim Kəmalə Bayramovanın, İsmət Əhmədovun dərslərində də iştirak ediblər. Bu görüşlərdə dil və ədəbiyyatın tədrisi metodikası, ortaq türk irsinin gənc nəslə çatdırılması və pedaqoji ustalıq məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Qarşılıqlı təcrübə mübadiləsi formatında keçən bu görüşlər hər iki universitetin akademik potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu cür beynəlxalq ziyarətlər həm müəllimlərimizin peşəkar inkişafına, həm də tələbələrimizin qlobal təhsil trendləri ilə tanışlığına böyük töhfə verir. Əməkdaşlığımız və dostluğumuz daimi olsun.








