ADPU Quba filialında Alekseyevka kənd tam orta məktəbi ilə yeni əməkdaşlıq layihəsi müzakirə olunub

25.11.2025
ADPU Quba filialında Alekseyevka kənd tam orta məktəbi ilə yeni əməkdaşlıq layihəsi müzakirə olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Rəhman Məmmədov adına Alekseyevka kənd orta məktəbinin direktoru Sevil Allahverdiyevanın da iştirakı ilə layihə komandası ilə görüş keçirilib. Görüşdə “Universitet–məktəb və universitet–icma əsaslı bağça əməkdaşlığı üzrə tələbələrin məktəb mühitində təcrübə və inkişaf proqramı” ətraflı müzakirə olundu.

ADPU-nun Quba filialı tərəfindən görüşdə filialın direktoru professor Yusif Alıyev və digər vəzifəli şəxslər iştirak edirdi.

İştirakçıları səmimiyyətlə salamlayan Pedaqoji Universitetin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin hədəflərindən danışaraq Alikseyevka kənd orta məktəbi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin qarşılıqlı faydasını Azərbaycanın təhsil siyasətinə töhfə olduğunu ifadə edib.

Filial rəhbərliyi layihənin tələbələrin pedaqoji, psixoloji və idarəetmə bacarıqlarının inkişafında, eyni zamanda universitet – məktəb əməkdaşlığının institusional əsasda genişləndirilməsində böyük rol oynayacağını vurğuladı.

Məktəb direktoru Sevil Allahverdiyeva əməkdaşlığın əhəmiyyətini qeyd edərək bildirdi ki, universitetlə əməkdaşlıq bizim üçün çox dəyərlidir. Tələbələrin məktəb mühitində real təcrübə qazanması onların peşəkar inkişafına mühüm təsir göstərəcək. Direktor deyib: “Bu əməkdaşlıqda eyni zamanda, məktəbimizdə sənədləşmə, iclaslarda iştirak, dərsdənkənar fəaliyyətlər və problemli halların müşahidəsi kimi proseslərdə tələbələrin dəstəyini yüksək qiymətləndiririk”.

Görüş zamanı tərəflər tələbələrin fəaliyyət qrafiki, kuratorların təyin edilməsi, məktəb və icma əsaslı bağça ilə əməkdaşlıq mexanizmləri, eləcə də proqramın monitorinq və hesabat prosesi barədə razılığa gəliblər.

ADPU -nun Quba filialı olaraq məqsədimiz bölgə təhsil müəssisələri ilə əməkdaşlığı daha da genişləndirmək, tələbələrə praktik təcrübə imkanları yaratmaq və məktəblərə metodiki-pedaqoji dəstək təqdim etməkdir.

Bu əməkdaşlıq həmçinin ADPU Quba filialının “ADPU Quba – 2030” Strateji İnkişaf Planında (SİP) nəzərdə tutulan regional təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi, həmçinin “Cəmiyyətə xidmət və sosial töhfə siyasəti” çərçivəsində regionun sosial-mədəni inkişafına dəstək göstərilməsi hədəfləri ilə tam uyğunluq təşkil edir. Layihə filialın regionda sosial məsuliyyət təşəbbüslərinin daha da güclənməsinə xidmət edəcək.

Görüşün sonunda layihənin yaxın günlərdə icrasına başlanması qərara alındı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?