ADPU Quba filialında “Ədəbiyyat dastanının Ramazan Qafarlı boyu” adlı elmi praktik konfrans keçirilib

18.06.2021
ADPU Quba filialında “Ədəbiyyat dastanının Ramazan Qafarlı boyu” adlı elmi praktik konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında folklorşünas, qorqudşünas, filologiya üzrə elmlər doktoru, professor Ramazan Oruc oğlu Qafarlının 70 illik yubileyinə həsr edilən “Ədəbiyyat dastanının Ramazan Qafarlı boyu” adlı elmi praktik konfrans keçirilib. Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan konfransda filialın professor-müəllim heyəti uyğun istiqamətlər üzrə elmi məruzələrlə çıxış ediblər.

Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın moderatorluğu ilə baş tutan konfrans Ramazan Qafarlının həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə açıq elan olunub

ADPU-nun Quba filialının direktoru dos. Y. Alıyev “Azərbaycan ədəbiyyatının Ramazan Qafarlı boyu” mövzusunda çıxış edib. O, R. Qafarlını şəxsiyyət kimi xarakterizə edib, tədqiqat uğurlarının sirrindən bəhs edib. Bildirib ki, onun Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri danılmazdır və daim xatırlanacaq. Direktor bugünkü knfransı R. Qafarlının alimlər tərəfindən necə sevilərək qiymətləndirilməsinin göstəricisi hesab edib. Onun xarakterik xüsusiyyətlərindən bəhs edib. Direktor, R. Qafarlını 70 illik yubileyi münasibətilə kollektiv adından təbrik edib və bildirib ki, professor Elmi Şuranın qərarı ilə fəxri fərmana layiq görülüb.

Y. Alıyev R. Qafarlını fəxri fərmanla təltif edib və ona Bəxtiyar Vahabzadənin ingilis dilində çap olunmuş şeirlər kitabını təqdim edib. Professora şəxsi işlərində, elmi fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü prof. Muxtar İmanov Yusif Alıyev və rəhbərlik etdiyi kollektivə görkəmli ziyalı Ramazan Qafarlıya belə ehtiramla tədbir həsr etdikləri üçün təşəkkürünü bildirib. Qeyd edib ki, R. Qafarlı yalnız şifahi xalq ədəbiyyatı deyil, həm də Azərbaycan yazılı ədəbiyyatının köklü problemləri ilə məşğul olub. Onun ssenariləri əsasında filmlər çəkilib. Qəzet, jurnal, mətbuat işinin problemləri ilə ciddi məşğul olub. “Dədə Qorqud araşdırmaları” adlı jurnalın təsis olunması da birbaşa onun adı ilə bağlıdır. M. İmanov xatırladıb ki, R.Qafarlı uzun illər müxtəlif mətbu orqanlarda publisistik işlərlə məşğul olub. Azərbaycan mifologiyası, folkloru, klassik ədəbiyyatının tədqiqatlarına həsr olunan xüsusi portalları fəaliyyət göstərir. M. İmanov ana dilimizin taleyində uşaq ədəbiyyatının müstəsna rolunu vurğulayaraq bildirib ki. R. Qafarlı iki mürəkkəb mövzuda doktorluq işi yazıb. Onun əsərlərindən Türkiyə də və orta Asiya ölkələrində dərs vəsaiti kimi istifadə olunur. Qeyd eidb ki, mifologiya mövzusunda elmi işinin müdafiə olunmasına professor 20 il vaxt sərf edib. M. İmanov vurğulayıb ki, R. Qafarlı dünya elminin ən qabaqcıl fikirləri ilə silahlanaraq onu milli zəmində təqdim edir. R. Qafarlının Bəxtiyar Vahabzadə ilə ata-oğul münasibətlərində olan yeganə ziyalı olduğunu xatırladıb. Bildirib ki, professor bütün elmi yaradıcılığında B. Vahabzadənin vəsiyyətlərinə uyğun hərəkət edib.

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Prof.  Cəlal Qasımov R. Qafarlı ilə xatirələrini bölüşüb. Bildirib ki, R. Qafarlı Azərbaycan və Türk ədəbiyyatının ona olan münasibətinin məcmusudur. Şöbə müdiri onu nəhəng mifoloq adlandırıb. Qeyd edib ki, Ramazan Qafarlının əsərləri keçmiş dövrlə çağdaş gənclik arasındakı ən etibarlı körpüdür. R. Qafarlı folklor toplayıcısı, onun naşiri, bütövlüyünü qoruyan xarakter, bütöv şəxsiyyət, pedaqoqdur.

AMEA-nın həqiqi üzvü Prof. İsmayıl Kazımov bildirib ki, R. Qafarlı ilə tanışlığı 50 il öncəyə təsadüf edir və onunla xatirələrini bölüşüb. Professor R. Qafarlının çox mühüm sahələrin tədqiqatı ilə məşğul olduğunu bildirib. Ona hələ uzun illər tələbələrdən öz biliklərini əsirgəməməyi arzulayıb. Filiala belə tədbir təşkil etdiklərinə görə, təşəkkürünü bildirib.

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Rahib Sədullayev “Xalq şairi Bəxtiyar və prof. Ramazan Qafarlını birləşdirən dəyər” mövzusunda məruzə edib. Məruzədə R. Qafarlı müəllim kimi xarakterizə edilib. O, kollektivə illər sonra da R. Qafarlının işığına yığışmağı arzulayıb. R. Qafarıya ömrünün bundan sonrakı illərini də əvvəlki tək şərəflə yaşamağı diləyib.

ADPU-nun əməkdaşı dos. Əlvan Cəfərov R. Qafarlı ilə əməkdaşlıq şəraitində çalışdığını və dəfələrlə onun zəhmətkeşliyinin şahidi olduğunu vurğulayıb. Ə. Cəfərov R. Qafarlı ilə birgə təşkil etdikləri yüksək səviyyəli konfranslardan söz açıb.  O, alimi doğum günü münasibətilə təbrik edib, yüz illiyini qeyd etməyi arzulayıb. Tədbir təşkilatçılığına görə, filial kollektivinə təşəkkürünü bildirib.

ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müəllimi Eyvaz Şeydayev “Ramazan Qafarlının elmi yaradıcılığının ədəbiyyata verdiyi töhfələr” mövzusunda çıxış edib. Onu alim və pedaqoq kimi xarakterizə edib, mifoloji araşdırmalarına aydınlıq gətirib. E. Şeydayev professor böyük şəxsiyyət, pedaqoq kimi şərh edib. Ramazan Qafarlının əsərlərindən çox heyrətləndiyini bildirib. Sözlərini Bəxtiyar Vahabzadədən sitatlarla bitirib.

Sonda çıxış üçün söz prof. Ramazan Qafarlıya verilib. Professor öncə hər kəsə təşəkkürünü bildirib, tədbirdən təsirləndiyini vurğulayıb. Bildirib ki, hələ əlinə qələm alıb yazmağa başlayanda bəxti gətirdiyi üçün özünü şanslı hesab edir. Çünki iki böyük şəxsiyyət onun ustadı olub: Biri Bəxtiyar Vahabzadə, digəri isə İsmayıl Şıxlı. Professor hər iki ustadı ilə bağlı xatirələrini bölüşüb. Daha sonra “Dağlar arxada qaldı” adlı romanı ilə bağlı çoxlarının bilmədiyi gizlinləri açıqlayıb. Bildirib ki, vaxtilə romanın adının hansı məzmuna söykəndiyini, Sovet buxovlarını alt-üst etdiyini yalnız İ. Şıxlı anlayıb. Professor tədbir iştirakçılarına bir neçə etiraf da edib: “Yazıçı olmalı idim, həyatımda ən böyük səhvimi etdim. Bilmirəm, nədənsə, zəiflik göstərdim…Digər səhvimi isə “Azərbaycan” jurnalında qalmamaq, İ. Şıxlını dinləməyərək qələmimi sınamamaqla etdim.  Həyatımdakı çətinliklərə baxmayaraq, iki böyük ustaddan dərs aldığım üçün qürur duyuram”.

Konfrans filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın yekun nitqi ilə başa çatıb. O, R. Qafarlını bir daha doğum günü münasibətilə təbrik edib. Can sağlığı, yeni elmi yaradcılıq uğurları arzulayıb.

Sonda konfrans iştirakçıları ilə xatirə şəkli çəkilib.

 

 

 

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?