ADPU-nun Quba filialının təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində “Ustad dərsi” keçirilib

14.03.2026
ADPU-nun Quba filialının təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində “Ustad dərsi” keçirilib

05 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində filialın direktoru, “Qabaqcıl Təhsil İşçisi”, fizika elmləri doktoru, professor Yusif Alıyevin təqdimatında “Müasir təhsil və Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusunda ustad dərsi keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin əməkdaşları, ADPU-nun Quba filialının struktur rəhbərləri və tələbələri, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, tanınmış şair Ramiz Qusarçaylı iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin fəaliyyəti ilə tanış olublar. Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinin rəhbəri, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlı qonaqları salamlayaraq belə bir maarifləndirici və elmi məzmunlu ustad dərsinin məhz icmanın Quba nümayəndəliyində keçirilməsini yüksək qiymətləndirib. O, ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyevə təşəkkürünü bildirərək fəaliyyətində uğurlar arzulayıb.

Sonra söz professor Yusif Alıyevə verilib. Professor tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, “Müasir təhsil və Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusunda keçirilən bu ustad dərsi elmi maarifləndirmə baxımından, həm də tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Professor çıxışında Azərbaycan tarixinin müxtəlif mərhələlərinə geniş ekskursiya edərək hadisələri Yaxın Şərq və dünya tarixi kontekstində müqayisəli şəkildə şərh edib. O, xüsusilə XVIII–XIX əsrlərdə regionda baş verən geosiyasi proseslərə diqqət çəkərək Qacar–Rusiya müharibələri, 1813-cü il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsinin Azərbaycan torpaqlarının tarixi taleyinə göstərdiyi təsirlərdən bəhs edib. Professor həmin müqavilələr nəticəsində Azərbaycanın tarixi torpaqlarının parçalanmasının və regionda demoqrafik-siyasi proseslərin dəyişməsinin sonrakı dövrlərdə baş verən hadisələrə ciddi təsir göstərdiyini vurğulayıb.

Çıxış zamanı professor Yusif Alıyev türk xalqlarının qədim dövlətçilik ənənələrinə də toxunaraq Mete xanın (Hun imperiyasının hökmdarı) dövlətçilik tarixində qoyduğu izdən danışıb, Oğuz tayfalarının köç prosesləri, Samanilər, Qəznəvilər dövləti və Səlcuq imperiyası dövründə regionda baş verən tarixi hadisələri xatırladıb. O, xüsusilə 1071-ci ildə Sultan Alp Arslanın rəhbərliyi ilə Malazgird döyüşündə qazanılan qələbənin türk-islam dünyasının tarixində mühüm dönüş nöqtələrindən biri olduğunu qeyd edib.

Professor həmçinin sovet dövründə tarixşünaslıqda Qafqaz xalqlarının tarixinin müəyyən ideoloji çərçivələr daxilində təqdim olunduğunu bildirərək, müstəqillik dövründə Azərbaycan tarixinin obyektiv və milli baxış bucağından yenidən araşdırılmasının vacibliyini diqqətə çatdırıb.

O, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasətinin milli ideologiyanın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb. Professor çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, xüsusilə “Böyük Qayıdış” strategiyasının və Qərbi Azərbaycana qayıdış ideyasının milli yaddaşın və tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Professor Yusif Alıyev 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi birlik və qəhrəmanlıqdan da bəhs edərək, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib və Prezident İlham Əliyevin səsləndirdiyi “Mən 50 milyon azərbaycanlının prezidentiyəm” fikrinin milli həmrəyliyin və dünya azərbaycanlılarının birliyinin rəmzi olduğunu vurğulayıb.

Məruzənin sonunda professor müasir təhsil sistemində tarixi şüurun formalaşdırılmasının əhəmiyyətinə toxunaraq qeyd edib ki, gənc nəslin milli tarixə, mədəni irsə və dövlətçilik ənənələrinə bağlılıq ruhunda yetişdirilməsi təhsilin mühüm vəzifələrindən biridir. Bu baxımdan, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, görkəmli şair Ramiz Qusarçaylının qələmə aldığı “Vətən” poemasının gənclərdə vətənpərvərlik duyğularının formalaşmasında mühüm rol oynadığını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, ADPU-nun Quba filialının Humanitar və sosial məsələlər üzrə direktor müavini Aysel Şeydayeva, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, alim Vahid Əliyev mövzunun aktuallığını qeyd edərək belə elmi-maarifləndirici görüşlərin tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Tədbirin sonunda professor Yusif Alıyev müəllifi olduğu kitabları Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyinə hədiyyə edib.

Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?