ADPU-nun Quba filialının rəhbərliyi və əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak edib

02.03.2026
ADPU-nun Quba filialının rəhbərliyi və əməkdaşları beynəlxalq elmi-praktik konfransda iştirak edib

26 fevral 2026-cı il tarixində Özbəkistan Respublikasının Fərqanə Vilayəti Pedaqoji Bacarıqlar Mərkəzinin təşkilatçılığı ilə “Təhsil prosesində inteqrativ yanaşma: nəzəriyyə və praktika əsasında həyat bacarıqlarının inkişafı” mövzusunda beynəlxalq onlayn elmi-praktik konfrans keçirilmişdir.

Özbəkistan Respublikası Məktəbəqədər və Məktəb Təhsili Nazirliyinin dəstəyi ilə təşkil olunan konfrans müxtəlif ölkələrdən alimləri, pedaqoqları və təhsil mütəxəssislərini vahid elmi platformada bir araya gətirərək, müasir təhsil prosesində inteqrativ yanaşmaların tətbiqi, innovativ pedaqoji texnologiyaların istifadəsi və həyat bacarıqlarının formalaşdırılması istiqamətində aktual məsələlərin müzakirəsi üçün geniş imkan yaratmışdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı bu mötəbər beynəlxalq elmi platformada layiqincə təmsil olunmuşdur. Filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev konfransın plenar iclasında çıxış edərək tədbir iştirakçılarını salamlamış, təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və qarşılıqlı elmi mübadilənin gücləndirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır. Professor Yusif Alıyev çıxışında qeyd etmişdir ki, müasir dövrdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şəxsiyyətyönümlü və inklüziv təhsil mühitinin formalaşdırılması, eləcə də tələbələrin həyat bacarıqlarının inkişafı inteqrativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən biridir. O, belə beynəlxalq elmi tədbirlərin təhsil sistemlərinin yaxınlaşmasına, elmi-pedaqoji əlaqələrin möhkəmləndirilməsinə və yeni əməkdaşlıq perspektivlərinin formalaşmasına mühüm töhfə verdiyini diqqətə çatdırmışdır.

Konfrans çərçivəsində filialın Humanitar və təbiət elmləri fakültəsinin dekan vəzifəsini icra edən Nubar Bayramova “Universal dizayn üzrə öyrənmədə inklüziv təhsilin prinsipləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə inklüziv təhsil mühitinin formalaşdırılmasında universal dizayn yanaşmasının rolu, təhsilalanların fərdi xüsusiyyətlərinin nəzərə alınması, əlçatan və bərabər imkanlara əsaslanan tədris mühitinin yaradılması məsələləri elmi-nəzəri və praktik aspektdə əsaslandırılmışdır. Bildirilmişdir ki, universal dizayn prinsiplərinin tətbiqi təhsilin humanist mahiyyətinin gücləndirilməsinə, bütün təhsilalanların tədris prosesinə fəal və bərabərhüquqlu inteqrasiyasına xidmət edən mühüm pedaqoji mexanizmlərdən biridir.

Bununla yanaşı, ADPU-nun Quba filialının əməkdaşları konfransda müxtəlif aktual pedaqoji mövzular üzrə hazırlanmış elmi məqalələrlə çıxış etmiş, müasir təhsil prosesində innovativ yanaşmalar, inklüzivlik və inteqrativ təlim metodlarının tətbiqi ilə bağlı elmi baxışlarını beynəlxalq elmi ictimaiyyətlə bölüşmüşlər. Təqdim olunan məqalələr konfransın materiallar toplusuna daxil edilərək nəşr olunacaqdır ki, bu da filial əməkdaşlarının elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

ADPU-nun Quba filialının beynəlxalq elmi-praktik konfransda fəal iştirakı filialın elmi potensialının, pedaqoji kadrlarının peşəkarlıq səviyyəsinin və beynəlxalq elmi əməkdaşlığa verdiyi önəmin bariz göstəricisidir. Bu cür beynəlxalq elmi platformalarda iştirak elmi-pedaqoji fəaliyyətin inkişafına, qabaqcıl təcrübənin öyrənilməsinə və təhsil prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə mühüm töhfə verir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?