13 iyun 2025-ci il tarixində ADPU-nun Quba filialının 2025/2026-cı tədris ili üçün tələbə qəbulu ilə bağlı Quba rayonu məktəblərindən məzun olacaq abituriyenlərlə görüş keçirilib. A.Məmmədov adına Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü liseydə qəbul imtahanlarında yaxşı nəticələr göstərmiş abituriyentlərlə keçirilən görüşdə ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev tərəfindən abituriyentlərə mövcud ixtisaslar, keçid balları, universitetin tələbələr üçün təşkil etdiyi imkanlar haqqında bilgi verilib. Həmçinin filialın iştirak etdiyi beynəlxalq layihələr, məzunlar üçün gələcək iş imkanları, tələbələrin könüllülük fəaliyyətinin təşkili və digər mövzular haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda ötən tədris ilində filialın əldə etdiyi uğurlar haqqında məlumatlar film şəkıində hazırlanaraq abituriyentlərin diqqətinə çatdırılmışdır.
Görüşdə həmçinin məktəbin direktoru Lalə Bədəlova da çıxış edərək qonaqları salamlayıb, tədris ili ərzində şagirdlərin buraxılış imtahanlarında yüksək nəticələr əldə etdiyini, hər il ali məktəblərə qəbul olan məzunlarının sayının artdığını bildirib, həmçinin məktəbdə mövcud 11-ci sinif üzrə istedadlar və təmayüllü siniflərin şagirdlərindən ibarət iki sinfin nəticələri haqqında məlumat verib, şagird uğurlarından danışıb.
Görüşdə filialın Tədris şöbəsinin müdiri Mələk Bağırova qəbul qaydaları, təhsil imkanları, tələbələrə təqdim olunan sosial və akademik dəstək proqramları barədə ətraflı məlumat vermişdir. Həmçinin filialın Təbiət elmləri falültəsini dekan müavini Nübar Bayramova, Karyera və məzunlarla iş şöbəsinin müdiri Hikmət Musayev çıxış edərək filialın müvafiq ixtisaslarına qəbul olacaq abituriyentləri gələcəkdə maraqlı tələbə həyatı gözlədiyini, son dövrdə filialın tələbə gənclərinin idarəçilikdə, könüllülük və digər sosial fəaliyyətlərdə aktivliyindən və qazandıqları uğurlardan bəhs ediblər. Gənclərin yaradılan əlverişli təhsil mühitindən maksimum faydalanacaqlarına əminliyini bildirərək onları yüksək təhsilin əlçatan ünvanı olaraq ADPU-nun Quba filialını seçməyə çağırıblar.
Sonda abituriyentlərin filiala qəbulla, gələcək karyera imkanları ilə bağlı sualları cavablandırılmışdır.








