ADPU-nun Quba filialının nümayəndə heyəti Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin açılışında iştirak edib

19.10.2026
ADPU-nun Quba filialının nümayəndə heyəti Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin açılışında iştirak edib

Özbəkistanın Qarşı şəhərində yerləşən Asiya Texnologiyalar Universitetində Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin açılış mərasimi keçirilib. İki qardaş xalq arasında tarixi bağların möhkəmləndirilməsinə, milli-mədəni dəyərlərin təbliğinə, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru professor Yusif Alıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Mərkəzin rəsmi açılışını bildirən rəmzi lenti Asiya Texnologiyalar Universitetinin rektoru professor Laçın Rəhmanov və ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev birgə kəsiblər.

Mərasimdə çıxış edən professor Yusif Alıyev Mərkəzin yaradılmasını Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına mühüm töhfə kimi qiymətləndirib. O, ortaq tarixi köklərə, zəngin ədəbi irsə və mənəvi dəyərlərə söykənən Azərbaycan–Özbəkistan əlaqələrinin mədəni, elmi və siyasi sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulayıb.

Filialın direktoru Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qətiyyətli siyasi iradəsi və uzaqgörən strateji idarəçiliyi sayəsində iki ölkə arasında münasibətlərin ardıcıl inkişaf etdiyini bildirib. Qeyd edib ki, xalqlarımızın tarixi-mədəni birliyini və ortaq gələcək naminə əməkdaşlığını əsas götürən bu siyasi xətt ali təhsil müəssisələri üçün də mühüm örnəkdir. Universitetlər arasında elmi və akademik əlaqələrin genişləndirilməsi, birgə təşəbbüslərin təşviqi həmin münasibətlərin davamlılığına xidmət edir.

Professor Yusif Alıyev belə mərkəzlərin xalqlarımızın bir-birini daha yaxından tanıması, ədəbiyyat və mədəniyyət nümunələrinin qarşılıqlı təbliği, alimlər və gənclər arasında ünsiyyətin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Dostluq Mərkəzinin ortaq irsin öyrənildiyi, yeni elmi-mədəni təşəbbüslərin formalaşdığı və qardaşlıq bağlarının gələcək nəsillərə ötürüldüyü mühüm əməkdaşlıq məkanına çevriləcəyinə inamını ifadə edib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Xəyal Rza, ADPU-nun Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva, filialın kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Lətifə Cəlilova, şair Bəhruz Niftəliyev, türkiyəli jurnalist Mahmud Özkoca, Asiya Texnologiyalar Universitetinin rektoru professor Laçın Rəhmanov, universitetin məsul şəxsləri və professor-müəllim heyəti iştirak ediblər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?