ADPU-nun Quba filialının nümayəndə heyəti IB məktəbində infoturda iştirak edib.

19.01.2026
ADPU-nun Quba filialının nümayəndə heyəti IB məktəbində infoturda iştirak edib.

16 yanvar 2026-cı il tarixində Avropa Azərbaycan Məktəbində Quba filialının Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin təşkilatçılığı ilə infotur keçirilib. Qeyd edək ki, ölkəmizin ən nüfuzlu özəl təhsil ocaqlarından olan Azərbaycan Avropa Məktəbi IB (International Baccalaureate) məktəbi statusuna malikdir və tədris prosesi beynəlxalq standartlara əsaslanır.

Nümayəndə heyətini məktəbin rəhbərliyi və IB proqramları üzrə məsul şəxslər qarşılayıblar. Görüşdə IB Orta İllər Proqramı (MYP) üzrə direktor Zöhra Məlikova, eləcə də Diplom Proqramı və Karyera-yönümlü Proqram üzrə direktor Ted Herrold iştirak ediblər. Quba filialının nümayəndə heyətinin tərkibində isə direktor müavini, fakültə dekanı, şöbə müdirləri və müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.

Görüş zamanı filialın direktoru professor Yusif Alıyevin salamlarını məktəbin rəhbərliyinə çatdıran nümayəndə heyəti filialda son dövrlər beynəlxalq əməkdaşlığın gücləndirilməsindən, bu istiqamətdə direktorun təşəbbüsü ilə kollektiv tərəfindən uğurla icra edilən layihələrdən söz açıblar. Qeyd edilib ki, Beynəlxalq əməkdaşlıq, həmçinin bu istiqamətdə təcrübəsi olan məktəblərin fəaliyyət istiqamətlərinin öyrənilməsi universiteti daim yenilənməyə, dəyişən qlobal trendlərə uyğunlaşmağa vadar edir.

Görüşdə həmçinin filialın Beynəlxalq əlaqələr və strateji məsələlər şöbəsinin müdiri Dünya Əhədova da Baş icraçı direktor (CEO), Qafqaz və Mərkəzi Asiya üzrə IB Dünya Məktəbləri Assosiasiyasının rəhbəri Françesko Bankiniyə Quba filialının rəhbərliyi və nümayəndə heyəti adından xüsusi təşəkkür ünvanlayıb, yaradılan şəraitə görə minnətdarlığını bildirib.

İnfotur zamanı qonaqlara məktəbin ərazisi, maddi-texniki bazası, tədris mühiti və IB təhsil modeli haqqında ətraflı məlumat verilib. Bildirilib ki, IB məktəblərində təhsil şagirdyönümlü yanaşma, fənlərarası əlaqələr və praktiki bacarıqların inkişafı prinsipləri əsasında qurulur.

ADPU-nun Quba filialının əməkdaşları tədris prosesinin təşkili, “müəllim–şagird”, “müəllim–valideyn” və “müəllim–rəhbərlik” münasibətlərinin qurulması, eləcə də müəllimlərin fəaliyyətinin keyfiyyətinə nəzarət mexanizmləri ilə bağlı suallar ünvanlayıblar. Müzakirələr zamanı müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və tədrisin davamlı monitorinqi məsələlərinə xüsusi diqqət yetirilib.

İnfotur çərçivəsində nümayəndə heyəti məktəbin kitabxanası, elm və “Science” fənləri üzrə ixtisaslaşmış sinif otaqları, STEM laboratoriyaları ilə tanış olub. Həmçinin idman zalı və məktəbin üzgüçülük dərslərinin keçirildiyi müasir hovuz da ziyarət edilib.

Qeyd olunub ki, Azərbaycan Avropa Məktəbinin məzunlarının böyük əksəriyyəti təhsillərini Avropa və Amerika Birləşmiş Ştatlarının aparıcı universitetlərində davam etdirirlər ki, bu da IB məktəbi modelinin beynəlxalq səviyyədə tanınmasının və təhsilin yüksək keyfiyyətinin göstəricisidir.

İnfotur ali və orta təhsil müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi, beynəlxalq təhsil yanaşmalarının öyrənilməsi və müasir pedaqoji təcrübələrin tətbiqi baxımından əhəmiyyətli olub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?