Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, professor Yusif Alıyev, Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Nizami rayon təşkilatının dəvəti ilə Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzini ziyarət edib.
Səfər çərçivəsində professor Yusif Alıyev istirahət mərkəzində istirahət edən təhsil işçiləri ilə görüşərək onlar üçün yaradılmış şərait, göstərilən xidmətlərin keyfiyyəti və sosial rifahın yüksəldilməsinə yönəlmiş imkanlarla yaxından tanış olub.
Görüş zamanı qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə insan kapitalının inkişafı, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və onların əməyinin yüksək qiymətləndirilməsi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması və səmərəli istirahətinin təşkili bu siyasətin mühüm istiqamətlərindən biridir.
Bildirilib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar və sosialyönümlü layihələr müəllim nüfuzunun artırılmasına, təhsil mühitinin daha da təkmilləşdirilməsinə və təhsil işçilərinin rifahının yüksəldilməsinə mühüm töhfə verir. Bu istiqamətdə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı tərəfindən həyata keçirilən sosial proqramlar dövlətin təhsil siyasətini tamamlayan vacib təşəbbüslərdən hesab olunur.
Professor Yusif Alıyev müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi və onların asudə vaxtının səmərəli təşkili istiqamətində Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Nizami rayon təşkilatı tərəfindən görülən işləri yüksək qiymətləndirərək, bu cür layihələrin təhsil işçilərinin motivasiyasının artırılmasına və peşə fəaliyyətinin daha da səmərəli qurulmasına xidmət etdiyini vurğulayıb.
Səfər zamanı istirahət mərkəzinin fəaliyyəti, müasir infrastrukturu və təhsil işçilərinə təqdim olunan xidmətlər barədə geniş fikir mübadiləsi aparılıb, müəllimlərin məmnunluğu ilə bağlı müsbət rəylər dinlənilib.
Qeyd olunub ki, təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, onların sağlamlığının qorunması və asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən bu cür təşəbbüslər dövlətin təhsil siyasətinin əsas prioritetləri ilə uzlaşır və müəllim əməyinə verilən yüksək dəyərin bariz nümunəsidir.







