Quba filialının əməkdaşları – gənc alimlər Mürvət Əliyev və t.f.d.Təhminə Əliyeva “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Universitetinin “Siyasi və ictimai elmlər” kafedrasının birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən elmi seminarda iştirak edib
Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru Dr Rəxşəndə Bayramova 1918-ci ildə bolşevik-daşnak birləşmələrinin Quba qəzasında həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasəti barəsində danışaraq qeyd etmişdir ki, faciə nəticəsində təkcə Quba qəzasında 16 mindən çox insan qətlə yetirilmişdir. Tarixçi onu da vurğulamışdır ki, Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq halları Fövqəladə Təhqiqat Komissiyasının istintaq materiallarına əsasən 3 cilddə 451 vərəqdən ibarət sənədlər toplusunda əks olunmuşdur. Daha sonra çıxış edən Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski bildirmişdir ki, hər zaman qonşu dövlətlərlə barış içində yaşamağa çalışan Azərbaycan xalqı tarixən erməni quldur dəstələrinin amansız soyqırımı siyasətinə tuş gəlmişdir. Təkcə 1918-ci ildə deyil, 1905-1907, eləcə də sonrakı illərdə erməni millətçiləri tərəfindən azərbaycanlıların hüquqlarının pozulması, qeyri-insani rəftar, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımı və deportasiya hallarına yol verilmişdir. Daha sonra çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Cavad qəzasında baş vermiş soyqırımların tarixinə nəzər salmışdır. Qeyd olunmuşdur ki, Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Komissiyasının müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmiş və başqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsi və tibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil etmişlər. Azərbaycan Universitetinin və Memorial Kompleksin əməkdaşlarının mövzu ilə bağlı çıxışları ilə davam edən elmi seminarın sonunda soyqırımı həqiqətlərini özündə əks etdirən kitab və bukletlər təqdim edildi.