Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının əməkdaş və tələbələri 08 aprel 2026-cı il tarixində Quba şəhər 1 saylı mediasiya təşkilatına səfər ediblər. Səfər, ADPU-nun Quba filialı ilə Quba şəhər 1 saylı mediasiya təşkilatı arasında 05 iyun 2025-ci il tarixində imzalanmış memorandum çərçivəsində həyata keçirilib.
Görüşün əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik müşahidə ilə zənginləşdirmək, onları mediasiya institutunun fəaliyyəti, mübahisələrin sivil və qeyri-zorakı həlli mexanizmləri, hüquqi və etik yanaşmalarla yaxından tanış etmək olub. Səfər zamanı tərəflər arasında aparılan müzakirələrdə tələbələrin gələcəkdə bu qurumda təcrübə keçməsi, mediasiya proseslərini icazəli və razılıqlı şəkildə dinləyici qismində izləməsi imkanları nəzərdən keçirilib. Bu, tələbələrin peşə hazırlığının gücləndirilməsi, hüquqi düşüncə tərzinin formalaşdırılması, ünsiyyət, dinləmə, müşahidə və etik davranış bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Müasir dövrdə ali təhsil müəssisələrinin qarşısında duran əsas tələblərdən biri gəncləri yalnız akademik biliklərlə deyil, həm də real həyatın çağırışlarına uyğun praktik bacarıqlarla formalaşdırmaqdır. Bu baxımdan mediasiya sahəsi ilə əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Çünki bu istiqamət tələbələrdə hüquqi maarif, sosial məsuliyyət, konstruktiv ünsiyyət, konfliktlərin sülh yolu ilə həlli mədəniyyəti və vətəndaşlıq düşüncəsini gücləndirir. Eyni zamanda, belə əməkdaşlıq universitet–cəmiyyət əlaqələrinin möhkəmlənməsinə, əmək bazarının və müasir təhsil yanaşmalarının tələblərinə uyğun yeni təcrübə platformalarının yaranmasına xidmət edir.
ADPU-nun Quba filialı Quba şəhər 1 saylı mediasiya təşkilatının rəhbəri Hümmət Əliyevə göstərilən diqqətə, səmimi qarşılanmaya, tələbələrin peşəkar inkişafına verilən dəstəyə və əməkdaşlığa açıq yanaşmaya görə təşəkkürünü bildirir. İnanırıq ki, qarşılıqlı etimada və ortaq məqsədlərə əsaslanan bu əməkdaşlıq gələcəkdə daha genişmiqyaslı təşəbbüslərin, faydalı layihələrin və tələbələr üçün yeni praktik imkanların reallaşmasına mühüm töhfə verəcəkdir.




