Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2025-2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının mövcud əsasnamə və qaydalara tam uyğun, yüksək səviyyədə təşkil edilməsi məqsədilə filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev müvafiq əmr imzalamışdır. İmzalanan əmrə əsasən, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin, ədalət prinsiplərinin və şəffaflığın tam təmin olunması, imtahanların təsdiq olunmuş cədvəl üzrə mütəşəkkil keçirilməsi və prosesə çevik nəzarətin təşkili üçün İmtahan Qərargahı yaradılmış, həmçinin qarşıda duran zəruri tədbirlərin icra planı müəyyən edilmişdir.
Bu çərçivədə filialda İmtahan Qərargahı üzvləri, imtahan prosesini birbaşa müşahidə edəcək nəzarətçilər və universitetdə buraxılış-nəzarət rejimini həyata keçirəcək əməkdaşların iştirakı ilə geniş tərkibli tədbir keçirilmişdir.Görüşdə geniş nitqlə çıxış edən filialın direktoru, professor Yusif Alıyev sessiyanın yüksək səviyyədə baş tutması üçün həlli vacib olan strateji məsələlərə toxunmuşdur. Direktor öz çıxışında hər bir tələbənin biliyinin düzgün və şəffaf qiymətləndirilməsinin ADPU-nun korporativ dəyərlərinin və keyfiyyətli təhsil siyasətinin əsas meyarı olduğunu vurğulamışdır. Professor Yusif Alıyev qeyd etmişdir ki, imtahan müddətində yarana biləcək hər bir rəy və müraciət dərhal, obyektiv şəkildə araşdırılmalı, tələbələrin psixoloji rahatlığı və imtahan otaqlarında tam akademik mühit qorunmalıdır. Filial rəhbəri bu məsuliyyətli prosesdə İmtahan Qərargahının, Apelyasiya Komissiyasının və aidiyyəti struktur rəhbərlərinin üzərinə düşən vəzifələri xatırladaraq, neqativ halların qarşısının qətiyyətlə alınması, operativliyin artırılması və hər bir müraciətə fərdi, ədalətli yanaşılması barədə konkret tapşırıq və ciddi göstərişlərini vermişdir.
İclasda çıxış edən İmtahan Qərargahının sədri Kamal Kamalov imtahan öncəsi görülmüş hazırlıq işləri, auditoriyaların texniki təchizatı və imtahan materiallarının hazırlıq vəziyyəti barədə ətraflı məlumat vermiş, imzalanmış əmrdən irəli gələn vəzifələrin reallaşdırılması üçün nəzərdə tutulan addımlardan danışmışdır.
Tədbirin yekununda imtahan sessiyasının gedişatı ilə bağlı struktur rəhbərlərinin və nəzarətçilərin təklifləri dinlənilmiş, qarşıda duran vəzifələrin icrası ilə bağlı konkret qərarlar qəbul edilmişdir.
Gələcəyin qurucuları olan bütün dəyərli tələbələrimizə qarşıdan gələn yay imtahan sessiyasında uğurlar və yüksək nəticələr arzulayırıq!





