Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında United Aid for Azerbaijan (UAFA) təşkilatının nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək inkişaf istiqamətləri müzakirə olunub. UAFA ilə əməkdaşlıq çərçivəsində filialda “Məktəbim” mərkəzi yaradılıb. Bu mərkəz məktəbəqədər təhsil ixtisası üzrə təhsil alan tələbələr üçün real tədris mühitində praktiki təcrübə qazanmaq imkanı yaradır, onların nəzəri biliklərini praktik tətbiqlə birləşdirir və peşəkar bacarıqlarının formalaşmasına mühüm töhfə verir.
Daha sonra UAFA nümayəndələri tərəfindən tələbələr üçün təlim təşkil olunub. Təlim zamanı tələbələrə təşkilatın təqdim etdiyi karyera imkanları, peşəkar inkişaf proqramları və gələcək perspektivlər haqqında ətraflı məlumat verilib.
Görüş çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra məsələlər müzakirə olunub. Xüsusilə UAFA-nın təcrübə və ekspertizasının tələbələrlə paylaşılması, tələbələr üçün karyera xidmətlərinə dəstək göstərilməsi, həmçinin akademik və inzibati heyət üçün peşəkar inkişaf və mentorluq proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu cür əməkdaşlıqlar tələbələrin peşəkar inkişafına və gələcək karyera imkanlarının genişlənməsinə mühüm töhfə verir.

