24 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Quba şəhərində ali təhsil müəssisəsinin XXXI məzun buraxılış törəni böyük təntənə ilə keçirilmişdir.
Azərbaycan Respublikasında elan edilmiş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan möhtəşəm tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, ADPU-nun elm və innovasiyalar vurə prorektoru, professor Asəf Zamanov, Milli Məclisin deputatları — professor Əlibala Məhərrəmzadə və Azər Badamov, Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova, hüquq-mühafizə orqanlarının rəhbərləri, dövlət və ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və valideynlər iştirak etmişdirlər.
Məzun törəni başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə təzə tər çiçəklər düzülərək xatirəsi dərin ehtiramla yad olunmuşdur. Daha sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Yaşıl teatr”da davam edən tədbirdə Ulu Öndərin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirin açılış bəyanatı ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, professor Yusif Aliyev məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Direktor rəhbərlik etdiyi müəssisənin strateji hədəflərindən, təhsilin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal əmək bazarının tələblərinə cavab verən peşəkar kadr hazırlığından ətraflı bəhs etmişdir.
Daha sonra çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov regionun davamlı inkişafında savadlı gənclərin rolunu vurğulamış, filialın son illərdə beynəlxalq tərəfdaşlıq və innovativ layihələr sahəsində qazandığı uğurların diqqət mərkəzində olduğunu bildirmişdir.
Mərasimdə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun səmimi təbriklərini çatdıran prorektor, professor Asəf Zamanov pedaqogika elminin müasir texnologiyalarla vəhdətindən bəhs etmişdir. Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Azər Badamov isə insan kapitalının gücləndirilməsi, müəllimlik missiyasının dövlətçilik ənənələrinin qorunmasındakı müqəddəs rolunu diqqətə çatdırmışlar. Məzunlar adından çıxış edən Asiman Ramazanova və valideyn Elçin Nuriyev göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və professor-müəllim heyətinə dərin minnətdarlıqlarını ifadə etmişdirlər.
Rəsmi hissənin sonunda yüksək akademik göstəriciləri ilə fərqlənən məzunlara və filialın səmərəli elmi-pedaqoji fəaliyyət göstərən müəllimlərinə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbirin bədii hissəsi Quba Rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlının moderatorluğu ilə davam etmişdir. Bakı “Qalibiyyət” rəqs qrupunun ifasında nümayiş etdirilən milli rəqslər, gənc ifaçı MadTeen-in canlı çıxışları və DJ Valerinin musiqi proqramı məzunlara unudulmaz anlar yaşatmışdır. Yüksək bayram əhvali-ruhiyyəsində keçən buraxılış mərasimi xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatmışdır.
Bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara müstəqil həyatda və peşə fəaliyyətlərində layiqincə uğurlar arzulayırıq!






























