Quba filialında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli” çərçivəsində və Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XV Elmİ Konfransı keçirilib
Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi və Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan konfransda filialın direktoru fizika elmləri doktoru, professor Yusif Alıyev “Tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsi məsələsinin aktuallığı” mövzusunda açılış nitqi ilə çıxış edib. Direktor çıxışında qeyd edib ki, ali təhsil qarşısında duran ən mühüm vəzifələrdən biri müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrlar hazırlamaq, onlara nəzəri və təcrübü vərdişlər aşılamaqdır. İxtisaslı mütəxəssislərin hazırlanmasında tələbə elmi işlərinin çox mühüm əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, TEC-in əsas məqsədlərindən biri də: Tələbələrin elmi fəaliyyətini aktivləşdirməklə istedadli və ixtasaslaşmiş mütəxəssislərin formalaşması üçün şəraitin yaradılması və inkişafıdır. Buna görə də universitetlərdə müəllimlərin üzərinə çox böyük vəzifələr düşür. Professor Yusif Alıyev “ Tələbə Elmi Cəmiyyətinin (TEC) əhəmiyyəti həm tələbələrin akademik inkişafı, həm də universitetin elmi mühitinin güclənməsi baxımından böyükdür. TEC tələbələrdə tədqiqat mədəniyyətinin inkişafına kömək edir. Onlar elmi problemləri müəyyən etməyi, hipotez qurmağı, analitik düşünməyi və nəticə çıxarmağı öyrənirlər.” deyə çıxışını yekunlaşdırıb.
Daha sonra konfransda Filologiya kafedrasının müdiri v.m.i.e dosent Gülşən Ağabəy Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında ətraflı və məzmunlu çıxış edib, qeyd edib ki, müasir zövqümüzün, bədii zehni təfəkkürümüzün, mənəvi koloritimizin külçələşməsində, gələcəyimizə yadigar verilməsində böyük xidməti olan söz ustalarımızdan biri xalq şairi Bəxtiyar Vahabzadədir. Bəxtiyar Vahabzadənin poeziya zənginliyinə toxunan dosent Gülşən Ağabəy “Bəxtiyar Vahabzadə poeziyası xalq təfəkkürünün qədimliyindən, arxeologiya və etnoqrafiyasından, mifologiya, nağıl, dastan, əfsanə, rəvayət və bayatılarından gəlib, folkloru yaradıcı surətdə mənimsəyib.”deyə qeyd edib.
Konfransın plenar iclasında həmçinin Filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyevanın təşkilatçılığı ilə hazırlanan Bəxtiyar Vahabzadəyə aid qiymətli kitablardan ibarət sərgi nümayiş etdirilib.
Filialın TEC sədri Türkan İskəndərovanın moderatorluğu ilə davam edən konfransda Filialın fakültə üzrə TEC sədri Xədicə Orucova, tələbələr Mənzər Heybətova, Təhminə Fətiyeva, Şahanə Hüseynova, Aynur Əliverdiyeva, Türkanə Qazıyeva, Aytən Həsənova, Fəridə Binnətəliyeva, Mələkxanım Ağasıyeva görkəmli şairin həyat və yaradıcılığına aid məqalə, şeir, musiqi və rəqs nümunələri ilə çıxış ediblər. Plenar iclasın bədii hissəsi Filologiya kafedrasının təşkilatçılığı ilə ərsəyə gəlib.
Konfransın sonunda Plenar iclasda fərqlənən tələbələrə Fəxri fərman və diplomlar təqdim edilib.
Konfrans öz işini 2 bölmə üzrə davam etdirib.
























