ADPU-nun Quba filialında STEAM yanaşmasının müəllim hazırlığına inteqrasiyasına həsr olunmuş təlim keçirilib

12.10.2026
ADPU-nun Quba filialında STEAM yanaşmasının müəllim hazırlığına inteqrasiyasına həsr olunmuş təlim keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən STEAM əsaslı təhsilin tədris prosesinə inteqrasiyasına həsr olunmuş iki günlük təlim keçirilib. Müasir təhsil texnologiyalarının tətbiqi və innovativ pedaqoji yanaşmaların təşviqi məqsədilə təşkil edilən təlimdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Təlimin əsas məqsədi müəllim hazırlığında fənlərarası yanaşmanın tətbiqi imkanlarını genişləndirmək, nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsini təşviq etmək və iştirakçıları STEAM modelinin tədris imkanları ilə tanış etmək olub. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatı birləşdirən bu yanaşmanın araşdırma, yaradıcı düşünmə və problem həll etmə bacarıqlarının inkişafındakı rolu diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən filialın direktoru, professor Yusif Alıyev müasir müəllim hazırlığında innovativ tədris metodlarının və rəqəmsal texnologiyaların əhəmiyyətindən danışıb. O, gələcək müəllimlərin nəzəri biliklərinin praktik bacarıqlarla tamamlanmasının, texnoloji yeniliklərin pedaqoji məqsədlərə uyğun tətbiqinin və fənlərarası əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Professor STEAM yanaşmasının bu istiqamətdə yaratdığı imkanları qeyd edərək təlimin həm professor-müəllim heyətinin peşəkar inkişafı, həm də tələbələrin gələcək pedaqoji fəaliyyətə hazırlığı baxımından əhəmiyyətini bildirib.

Təlimləri Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin STEAM tədrisi və səriştəyönümlü kurikulumlar şöbəsinin əməkdaşları — robototexnika proqramları bölməsinin rəhbəri Murad Qurbanov, mexatronika proqramları bölməsinin rəhbəri Fərid Həsənov, mexatronika üzrə aparıcı mütəxəssis Ravil Hüseynov, təlimlərin təşkili və inkişafı üzrə aparıcı mütəxəssis Fəridə Abıyeva və ROV/AUV sistemləri üzrə baş mütəxəssis Samil Sultanzadə aparıblar.

Məşğələlər filialda fəaliyyət göstərən “Azərbaycan–Özbəkistan Türk Dünyası Tanıtım və Kültür Mərkəzi”ndə, eləcə də Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin STEAM mərkəzində təşkil olunub. Təlimlərdə STEAM təhsilinin əsas prinsipləri, robototexnika və mexatronika üzrə müasir yanaşmalar, mühəndislik və texnoloji həllərin tədrisə inteqrasiyası, həmçinin praktik fəaliyyətə əsaslanan öyrənmə imkanları nəzərdən keçirilib.

Proqram çərçivəsində nəzəri biliklərin real və modelləşdirilmiş tapşırıqlara tətbiqi, texniki komponentlər arasındakı əlaqələrin izahı və problemlərə sistemli yanaşma məsələlərinə xüsusi diqqət yetirilib. ROV/AUV sistemləri üzrə təqdimatlar isə iştirakçılara müasir sualtı robot texnologiyalarının tədrisdə istifadəsi imkanları ilə tanış olmaq fürsəti yaradıb.

İki günlük təlim müəllim və tələbələrin STEAM əsaslı tədris haqqında biliklərinin genişləndirilməsinə, fənlərarası əməkdaşlığın təşviqinə və təhsil texnologiyalarının pedaqoji tətbiqi üzrə təcrübə mübadiləsinə xidmət edib. Təlimdə müzakirə olunan yanaşmalar filialda müəllim hazırlığının praktik məzmununun zənginləşdirilməsi və gələcək pedaqoqların peşəkar səriştələrinin inkişafı baxımından faydalı imkanlar yaradır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?