ADPU-nun Quba filialında “Şərəfli müəllim ömrü” adlı yubiley tədbiri keçirilib

04.03.2026
ADPU-nun Quba filialında “Şərəfli müəllim ömrü” adlı yubiley tədbiri keçirilib

03 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında filialın müəllimləri Rahib Alpanlının və Səməd Cərkəzovun 70 illik, Əfilə Bağırovanın isə 60 illik yubileylərinə həsr olunmuş “Şərəfli müəllim ömrü” adlı tədbir təşkil olunub.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Filologiya kafedrasının müdiri dosent Gülşən Ağabəyin moderatorluğu ilə keçirilib. Yubilyar pedaqoqların çoxşaxəli elmi-pedaqoji fəaliyyətini və həyat yolunu əks etdirən videoçarx nümayiş olunub.

Açılış nitqi üçün söz ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyevə verilib. Professor Yusif Alıyev çıxışında qonaqları, yubilyarları və tədbir iştirakçılarını salamlayaraq bildirib ki, hər üç pedaqoq uzun illər ərzində formalaşdırdıqları zəngin müəllimlik ənənəsi, yüksək insani keyfiyyətləri və peşəkarlığı ilə filialın akademik mühitinə mühüm töhfələr veriblər.

Direktor Rahib Alpanlının təvazökarlığını, kamillik zirvəsinə yüksəlməsinin əsas səbəbi kimi mənəvi bütövlüyünü və pedaqoji ustalığını xüsusi vurğulayıb. Onun müəllimlik fəaliyyətində qazandığı uğurlardan, ailə tərbiyəsindən və atası Əlmurad kişinin örnək həyat yolundan bəhs edib. Eyni zamanda, Rahib müəllimin dərin fəlsəfi məzmunlu şeirlər müəllifi olmasına baxmayaraq, özünü şair kimi təqdim etməməsini onun sadəliyinin və təmkininin göstəricisi kimi dəyərləndirib. Səməd Cərkəzov haqqında danışan professor Yusif Alıyev onun “olduğu kimi görünən, göründüyü kimi olan” şəxsiyyət olduğunu, milli-mənəvi dəyərlərə və doğma torpağa bağlılığını xüsusi qeyd edib. Əfilə Bağırovanın 60 illik ömür yolunun isə şərəfli pedaqoji fəaliyyət, tələbə sevgisi və məsuliyyətli müəllim mövqeyi ilə səciyyələndiyini vurğulayıb.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Əhməd Nurullayev yubilyarları təbrik edib və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun Sərəncamına əsasən Rahib Alpanlıya təqdim olunan Fəxri fərmanında əks olunan təbrik mətnini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra söz ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyevə verilib. Dos. Vaqif Əliyev çıxışında yubilyarları və filial kollektivini salamlayaraq, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun təbriklərini tədbir iştirakçılarına çatdırıb. O, son illər ADPU-nun Quba filialında həyata keçirilən məqsədyönlü tədbirlərdən, filialın inkişaf strategiyasından və professor Yusif Alıyevin rəhbərliyi ilə görülən işlərdən bəhs edərək kollektivə yeni uğurlar arzulayıb.

Vaqif Əliyev yubileyi qeyd olunan Rahib Alpanlını, Səməd Cərkəzovu və Əfilə Bağırovanı, həmçinin filialın İKT şöbəsinin müdiri Yusif Abayevi və Tədris şöbəsinin dispetçeri İlhamə Cümşüdovanı ADPU Həmkarlar İttifaqı komutəsunin Fəxri fərmanları və pul mükafatları ilə təltif edib.

Azərbaycan Yazıçılar Birliyinin Quba rayonu üzrə sədri, tanınmış şair Ramiz Qusarçaylı çıxışında yubilyar müəllimləri səmimi qəlbdən təbrik edib, Rahib Alpanlının “Ay İşığı” ədəbi məclisindəki fəaliyyətindən, onun müxtəlif mövzuları əhatə edən poetik yaradıcılığından bəhs edib.

Tədbirin gedişində

ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Hüseyn Həsənov,

Alpan kənd Bələdiyyəsinin sədri Əfil Dadaşov, Quba–Xaçmaz Regional Məşğulluq Mərkəzinin müdiri Cəfər Cəfərov, Rahib Alpanlının yaxın dostu Şahin Əhmədov, Səməd Cərkəzovun bacısı Gülarə Cərkəzova, filialın baş müəllimi Eyvaz Şeydayev, r.f.d Nurbala Süleymanov və Rahib Alpanlının ailə üzvləri çıxış edərək yubilyarların yüksək insani keyfiyyətlərindən və pedaqoji fəaliyyətlərindən danışıblar.

Tədbirin bədii hissəsi filialın Xarici dil ixtisasının tələbələrinin təqdimatında Rahib Alpanlının şeirləri əsasında hazırlanmış kompozisiyalar və musiqi nömrələri ilə davam etdirilib.

Sonda hər üç yubilyar ADPU-nun Quba filialının direktoru professor Yusif Alıyev tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif olunub. Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

“Şərəfli müəllim ömrü” adlı yubiley tədbiri bir daha sübut etdi ki, müəllimlik yalnız peşə deyil, həm də mənəvi missiyadır; bu missiyanı ləyaqətlə daşıyan ziyalıların ömür yolu isə gənc nəslə örnəkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?