ADPU-nun Quba filialında psixi sağlamlığa həsr olunmuş elmi-praktik konfrans keçirilib.

27.10.2026
ADPU-nun Quba filialında psixi sağlamlığa həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında fəaliyyət göstərən Psixoloji Dəstək Xidmətinin tədbirlər planına uyğun olaraq, 10 Oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günü münasibətilə oktyabr ayının “Psixi sağlamlıq ayı” kimi dəyərləndirilməsi çərçivəsində “Universitet mühitində psixi sağlamlıq: aktual problemlər, elmi yanaşmalar və effektiv həll yolları” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himinin səslənməsi və Azərbaycan xalqının Ümummmilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açıq elan olundu.

Konfransın əsas məqsədi ali təhsil mühitində psixi sağlamlığın qorunmasının əhəmiyyətini diqqətə çatdırmaq, tələbələrin psixoloji rifahının təmin olunması istiqamətində mövcud problemləri elmi-praktik aspektdən müzakirə etmək, psixoloji maarifləndirməni gücləndirmək və effektiv dəstək mexanizmlərinin inkişafına töhfə vermək olub.

Konfransı giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, Qabaqcıl Təhsil İşçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev psixi sağlamlığın təhsil prosesindəki əhəmiyyətindən, sağlam psixoloji mühitin formalaşdırılmasının zəruriliyindən və tələbələrin hərtərəfli inkişafında psixoloji dəstək xidmətinin rolundan bəhs edib.

Tədbirdə dəvət olunmuş mütəxəssis qonaqlar – Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırova, Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzinin Quba filialının baş psixoloqu Dilarə Qəribova və Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Psixi Sağlamlıq Bölməsinin müdiri Şahbaba Vahabzadə psixi sağlamlığın qorunması, psixoloji çətinliklərin erkən müəyyənləşdirilməsi və peşəkar psixoloji yardımın əhəmiyyəti ilə bağlı elmi-praktik yanaşmalarını iştirakçılarla bölüşüblər.“Konfransın davamında ADPU-nun Quba filialının Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri Aytən Rəsulova, Zülfiyyə Məmmədova, Sabina Əliyeva, Aygül Şükürova və Nuranə Eldarova ” Mobil telefon istifadəsinin universitet tələbələrinin dərsə diqqətinə psixoloji təsiri” mövzusu ilə bağlı təqdimatlarla çıxış ediblər. Daha sonra filialın müəllimi, klinik psixoloq Mənsur Xaspoladov psixi sağlamlığın klinik-psixoloji aspektlərinə dair çıxış edib.

Konfransda ADPU-nun Quba filialının müəllimi, Psixoloji Dəstək Xidmətinin rəhbəri Fatiməxanım Qasımova tərəfindən universitet tələbələrinin emosional və psixoloji vəziyyətinin, akademik stress səviyyəsinin, sosial münasibətlərinin və psixoloji dəstəyə olan ehtiyaclarının öyrənilməsi məqsədilə 394 tələbə arasında aparılmış psixoloji sorğunun nəticələri təqdim olunub. Sorğunun nəticələri əsasında tələbələrin psixoloji rifahına təsir göstərən əsas amillər təhlil edilib, psixoloji dəstək xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində elmi-praktik yanaşmalar diqqətə çatdırılıb.

Konfransın sonunda elmi-praktik müzakirələrə verdikləri töhfələrə və fəal iştiraklarına görə qonaqlar və iştirakçılar təşəkkürnamələrlə təltif olunublar.

Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?