
Martın 17-də ADPU-nun Quba filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində və Novruz Bayramı münasibətilə “Yurdumuza Bahar gəlir” adlı bayram tədbiri keçirilib
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu öndər Heydər Əliyevin, Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Tədbiri giriş sözü ilə moderatorlar f.f.d. Aytən Qurbanova və Aynur Novruzova açıq elan edib, Novruz haqqında müxtəlif maraqlı tarixi məlumatlar səsləndiriblər.
Daha sonra şıxış üçün söz filialın direktoru fizika elmləri doktoru Yusif Alıyevə təqdim edilib. ADPU-nun rektoru professor Cəfər Cəfərovun salamlarını tədbir iştirakçılaırna çatdıran direktor bildirib ki, 5 ildir ki, Novruz bayramının qeyd edilməsi çox mükəmməl bir şəkildə yadda qalır. Parlaq Qələbə ilə qədəm qoyduğumuz Novruz bayramının ilk tonqalları artıq suveren və müstəqil Azərbaycanın bütün ərazisində qalanır. Buna görə biz müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevə, ordumuza, şəhid və qazilərimizə borcluyuq.
Azərbaycan xalqının min illik ənənəsindən süzülüb gələn Novruz bayramı öznəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruz bayramı axşamı tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Həyat, bolluq nişanəsi olan səməni baharın ilk müjdəçisi hesab olunur. Dosent Yusif Alıyev çıxışında həm də ulu öndər Heydər Əliyevin 1998-ci il Novruz bayramı münasibətilə keçirilən bayram şənliyində nitqində söylədiyi fikirləri də diqqətə çatdırıb:
“Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır. Qədim zamanlarda bizim əcdadlarımız bu bayramı yaradıb və bu bayram min illərlə yaşayıb, xalqımıza, millətimizə həmişə səadət, xoşbəxtlik, sevinc gətiribdir, xalqımıza güç veribdir. Bu bayram bütün dövrlərdə yaşayıbdır. Bu gün isə müstəqil Azərbaycanın ərazisində o, əziz bayram kimi qeyd olunur. Novruz bayramının çox böyük mənası vardır. Bu, həm bahar bayramıdır, həm təbiətin oyanışının bayramıdır, həm də insanların həyatında böyük dəyişikliklər bayramıdır. Çox gözəl bayramdır!”
Tədbirdə həmçinin filialla mütəmadi əməkdaşlığı ilə seçilən Şahdağ Milli Parkının əməkdaşı Raməddin Ağakişiyev də çıxış edib, təbriklərini çatdırıb.
Tədbirdə iştirak edən Şəhid valideynləri gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliğində müstəsna xidmətlərinə görə və Novruz Bayramı münasibətilə Filial Elmi Şurasının qərarı ilə “Təşəkkürnamə” ilə, əməkdaşlar və tələbələr isə Pedaqoji Universitetin Quba filialının ictimai-mədəni həyatında fərqləndiyinə görə filial rəhbərliyi tərəfindən “Fəxri Fərman” ilə təltif ediliblər.
Qeyd edək ki, həmçinin tədbir çərçivəsində filialın Şəhid Nuran Mirzəyev adına auditoriya ziyarət edilib, büstü önünə gül-çiçək qoyulub.
Tədbirdə İbtidai sinif müəllimliyi ixtisasının tələbələrinin hazırladıqları səhnəciklər nümayiş olunub, rəqs və musiqilər ifa edilib, şeirlər səsləndirilib, Bahar qız rolunda səhnədə yer alan filialın Filologiya kafedrasının müəllimi f.f.d. Aytən Qurbanova tələbələrlə birlikdə müxtəlif məzmunlu şeir və bayatılar səsləndirib, Novruz atributları olan kosa və keçəlin yumoristik nömrələri, yumurta döyüşü marağa səbəb olub.
Daha sonra filialln həyətində tonqal qalanıb, xoş arzular səslındirilib, filialın rəhbərliyi və tələbələr tonqal ətrafında yallı gedib, rəqs ediblər.
Sonda Filialın struktur bölmələrinin hazırladıqları Novruz xonçalarından ibarət sərgiyə baxış keçirilib, xatirə şəkli çəkdirilib.




















