İyulun 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının kollektivi və bir qrup media nümayəndəsi Milli Mətbuat Günü münasibətilə Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən Zərdabi adına İstirahət Parkında görkəmli maarifçi, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin abidəsini ziyarət ediblər. Tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzüb, dahi mütəfəkkirin əziz xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxuyublar.
Ziyarətdən sonra keçirilən rəsmi tədbirdə çıxış edən filialın direktoru, professor Yusif Alıyev 1875-ci il iyulun 22-də əsası qoyulan “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni bir səhifə açıldığını vurğulayıb.
O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin milli jurnalistikamızın inkişafı sahəsindəki en böyük tarixi xidmətlərindən biri 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğv edilməsidir. Ulu Öndərin həmin il avqustun 6-da imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərman kütləvi informasiya vasitələrinin inkişafında və cəmiyyətin demokratikləşməsində mühüm dönüş noktası olub.
Professor Yusif Alıyev nitqində Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun fəaliyyətinə xüsusi toxunaraq bildirib ki, rayon rəhbərliyi hər zaman bölgədə fəaliyyət göstərən KİV nümayəndələrinə xüsusi diqqət və qayğı ilə yanaşır, media işçilərinin əməyini yüksək qiymətləndirir:
”Biz də yerli İcra Hakimiyyətinin bu nümunəvi siyasətini əsas götürərək mətbuat nümayəndələri ilə sıx əməkdaşlıq edirik.”
Direktor tələbəlik illərində müxtəlif qəzet və jurnalların redaksiya heyətində çalışaraq jurnalistika sahəsində bəxtini sınadığını, məhz bu səbəbdən mətbuatın dəyərini və çətin, lakin şərəfli yükünü dərindən bildiyini vurğulayıb:
”Bizim aylarla, illərlə apardığımız elmi-pedaqoji və təşkilati işi KİV bəzən bir neçə dəqiqə ərzində cəmiyyətə dolğun və operativ şəkildə çatdıra bilir. Filial olaraq bütün vicdanlı və peşəkar media işçiləri ilə dostluq əlaqələrimizi həmişə yüksək qiymətləndiririk.”
Tədbirdə çıxış edən media nümayəndələri gösterilən diqqət və qayğıya görə ADPU-nun Quba filialının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər:
Elza Orucova (Əməkdar mədəniyyət işçisi, AJB üzvü) — Bölgədə elm və təhsilin təbliğində mətbuatın rolundan danışaraq filialın ictimai həyatdakı fəallığını yüksək qiymətləndirib.
Nazim Səlimxanoğlu (Qocaman media işçisi) — Milli mətbuatımızın keçdiyi şərəfli yoldan bəhs edərək gənc nəslin maarifləndirilməsində jurnalistika və təhsilin vəhdətinin vacibliyini vurğulayıb.
Elçin Şuşalı, Elçin Elar və Çingiz Qədimov (“Qafqaz TV”-nin məsul əməkdaşları) — Bölgə mediasına gösterilən diqqətə görə təşəkkür edərək filialın nailiyyətlərini hər zaman operativ işıqlandırmağa hazır olduqlarını bildiriblər.
Çimnaz Şıxverdiyeva (“ARB Günəş” kanalının əməkdaşı, ADPU Quba filialının məzunu) — Doğma ali məktəbində Mətbuat Günü münasibətilə yenidən iştirak etməkdən qürur duyduğunu ifadə edib.
Tədbirin sonunda ADPU-nun Quba filialı ilə səmərəli əməkdaşlığa, filialın fəaliyyətinin və yeniliklərinin ictimaiyyətə vaxtında və dolğun çatdırılmasındakı xidmətlərinə görə, habelə 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bir qrup media nümayəndəsinə Fəxri Diplomlar təqdim olunub.
Tədbir xatirə şəkilinin çəkdirilməsi ilə başa çatıb.


















