ADPU-nun Quba filialında mübarək Ramazan ayı münasibətilə təşkil olunan iftar məclisi həm mənəviyyat, həm də sarsılmaz birlik nümayişinə çevrilib.Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, professor Yusif Alıyevin təşəbbüsü ilə təhsil müəssisəsinin müəllim və tələbə heyəti üçün iftar süfrəsi təşkil olunub. Quba şəhərində yerləşən “Şane” restoranında baş tutan tədbirdə səmimiyyət və qarşılıqlı hörmət mühiti hakim kəsilib.
Görüşdə çıxış edən professor Yusif Alıyev ilk növbədə iştirakçıları mübarək Ramazan ayı və xalqımızın ən əziz bayramlarından olan Novruz münasibətilə ürəkdən təbrik edib. Direktor öz nitqində milli-mənəvi dəyərlərin qorunmasının dövlətçilik tariximizdəki rolunu xüsusi vurğulayaraq qeyd edib:
“Ramazan ayı paylaşmağın, birliyin və mənəvi saflaşmanın rəmzidir. Biz hər zaman öz milli köklərimizə və dini dəyərlərimizə sahib çıxmağı bacaran xalq olmuşuq. Məhz bu birlik və dəyərlərə sadiqlik sayəsində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək dövlətimizi böyük qələbəyə daşıdıq. Bu gün hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olan dövlət başçımızın daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir.”
Professor Y.Alıyev filialın son dövrlərdəki fəaliyyətinə də toxunaraq, kollektivin əldə etdiyi nailiyyətlərdən bəhs edib. O bildirib ki, ötən Ramazan ayından bu günə qədər ADPU-nun Quba filialı bir çox yeniliklərə imza atmış, uğurlu layihələr reallaşdırmış və tədrisin keyfiyyətinin artırılması istiqamətində ciddi addımlar atmışdır. “Biz bir ailə kimi çətinlikləri birlikdə aşdıq, əməyimizlə həm elmə, həm də regionun inkişafına töhfə verdik,” – deyə direktor əlavə edib.
İftar mərasimi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Vətənimizin çiçəklənməsi, xalqımızın rifahı və ordumuzun qüdrəti üçün xoş arzular səsləndirilib.
Oruc açıldıqdan sonra tədbir qeyri-rəsmi müstəvidə, tələbələrlə müəllimlər arasında səmimi söhbət formatında davam edib. Tələbələr onlara göstərilən bu diqqət və qayğıya, həmçinin təhsil müəssisəsində yaradılan ailə mühitinə görə filial rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda professor Yusif Alıyev bir daha hər kəsin dualarının qəbul olunmasını diləyərək, ailələrə xoşbəxtlik, süfrələrə ruzi-bərəkət və ölkəmizə əbədi əmin-amanlıq arzulayıb.



