ADPU-nun Quba filialında mədəniyyətlərarası dialoq: Beynəlxalq münasibətlərə akademik baxış

20.04.2026
ADPU-nun Quba filialında mədəniyyətlərarası dialoq: Beynəlxalq münasibətlərə akademik baxış

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında tələbələrin dünyagörüşünün artırılması və beynəlxalq kommunikasiya bacarıqlarının inkişafı istiqamətində növbəti möhtəşəm tədbir reallaşdırılıb. Filialın Humanitar elmlər kafedrasının baş müəllimi Aytən Seyidovanın təşkilatçılığı ilə XM 2401B qrup tələbələri tərəfindən “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni çərçivəsində “Beynəlxalq münasibətlər: müxtəlif xalqların həyatı, tarixi, adət-ənənələri və milli mətbəxi” mövzusunda genişmiqyaslı elmi-praktik təqdimat keçirilib.

​Tədbirin rəsmi hissəsində filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Alıyev geniş və motivasiyaedici nitqlə çıxış etmişdir. Professor öz çıxışında müasir dövrdə ali təhsilin yalnız nəzəri biliklərlə məhdudlaşmadığını, həm də qlobal mədəniyyətlərə inteqrasiyanın vacibliyini vurğulayıb və qeyd edib ki:​”Bu gün tələbələrimizin nümayiş etdirdiyi bu hazırlıq onların sadəcə bir fənni mənimsəməsinin deyil, həm də dünya xalqlarının irsinə, tarixinə və mənəvi dəyərlərinə göstərdikləri dərin hörmətin təzahürüdür. Akademik kommunikasiya – dil baryerlərini aşaraq mədəniyyətlər arasında körpü qurmaq bacarığıdır. İnanıram ki, bu cür innovativ dərslər sizin gələcək peşəkar fəaliyyətinizdə, xüsusilə beynəlxalq münasibətlər müstəvisində ən böyük rəqabət üstünlüyünüz olacaqdır.”

​Professor, həmçinin tələbələri və fənn müəllimini yaradıcı yanaşmalarına görə təqdir edərək, onlara gələcək elmi və pedaqoji fəaliyyətlərində yüksək nailiyyətlər arzulamışdır. ✨

​Tədbirin bədii-praktik hissəsi tələbələrin yüksək hazırlıq səviyyəsi və peşəkar təqdimatları ilə yadda qaldı:

XM 2401B qrupunun tələbələri müxtəlif xalqların xarakterik rəqslərini xüsusi plastiklik və ritm duyğusu ilə nümayiş etdirdilər. Hər bir rəqs nömrəsi həmin millətin ruhunu, coşğusunu və estetik dəyərlərini auditoriyaya dolğun şəkildə çatdırdı.

Tədbir çərçivəsində təşkil olunmuş sərgi-dequstasiya hissəsində tələbələr təqdim etdikləri ölkələrin milli mətbəx nümunələrini peşəkarlıqla təqdim etdilər. Təamların hazırlanma texnologiyası, onların tarixi kökləri və süfrə mədəniyyətindəki yeri haqqında verilən məlumatlar böyük marağa səbəb oldu. Şəhid Ruslan Bayramovun övladı Arzu Bayramovanın rəqsi və təqdimatı isə tədbirə xüsusi rəngarənglik qatıb.

Tələbələrin geyindiyi autentik milli libaslar vizual möhtəşəmlik yaratmaqla yanaşı, onların müxtəlif xalqların tarixi, dövlət rəmzləri və adət-ənənələri barədə hazırladıqları elmi faktlarla zəngin məruzələri dərsin akademik səviyyəsini bir daha sübut etdi.

​Bu tədbir ADPU Quba filialının müasir təhsil modelinə, tələbə-müəllim əməkdaşlığına və multikultural dəyərlərin təbliğinə verdiyi önəmin bariz nümunəsidir. Zəhməti keçən hər kəsə, xüsusilə istedadlı tələbələrimizə təşəkkür edirik!

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?