ADPU-nun Quba filialında Keyfiyyət Komissiyasının növbəti iclası keçirilib

04.11.2026
ADPU-nun Quba filialında Keyfiyyət Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Keyfiyyət Komissiyasının 2026–2027-ci tədris ili üzrə növbəti iclası baş tutub. Filialın direktoru, Keyfiyyət Komissiyasının sədri, professor Yusif Alıyevin sədrliyi ilə keçirilən iclasda komissiya üzvləri iştirak ediblər.

​İclası giriş sözü ilə açan filialın direktoru, professor Yusif Alıyev təhsilin keyfiyyətinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. Direktor qeyd edib ki, ali təhsil müəssisəsində hər bir akademik ilin uğuru məhz sistemli planlaşdırmadan, daxili keyfiyyət mexanizmlərinin işləkliyindən və tələbəyönümlü mühitin daha da gücləndirilməsindən asılıdır. Professor Yusif Alıyev qarşıda duran hədəflərə nail olmaq üçün komissiya üzvlərinə konkret tapşırıqlar verib və kollektivə yeni tədris ilində uğurlar arzulayıb.

​Gündəlikdə duran məsələlərlə əlaqədar Keyfiyyətin təminatı şöbəsinin müdiri Tərifə Qubatova çıxış edib. İlk olaraq Keyfiyyət Komissiyasının 2026–2027-ci tədris ili üzrə illik iş planı geniş müzakirəyə təqdim olunub. İş planında nəzərdə tutulan fəaliyyət istiqamətləri, tədris prosesində keyfiyyət təminatının sistemli şəkildə təşkili, eləcə də monitorinq və qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi məsələləri ətraflı nəzərdən keçirilib.

​Daha sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilmiş proqram akkreditasiyasının nəticələri və verilən tövsiyələr əsasında “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisasları üzrə hazırlanmış fəaliyyət planları müzakirə edilib. Bu istiqamətdə təhsil proqramlarının məzmununun zənginləşdirilməsi, müəyyən edilmiş təkmilləşmə istiqamətləri üzrə zəruri tədbirlərin planlaşdırılması və akkreditasiya tövsiyələrinin tam icrasının təmin olunmasının əhəmiyyəti xüsusi olaraq diqqətə çatdırılıb.

​İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?