ADPU-nun Quba filialında növbəti imtahan sessiyasının tam şəffaf, obyektiv və mövcud təlimatlara uyğun təşkili məqsədilə İmtahan Qərargahının sədri Kamal Kamalovun rəhbərliyi və qərargah üzvlərinin iştirakı ilə işgüzar görüş baş tutub. İclasda sessiya müddətində qarşıda duran vəzifələr, imtahan prosesinin gedişatına operativ nəzarət mexanizmləri və qərargah üzvlərinin koordinasiyalı fəaliyyəti geniş müzakirə olunub.
Görüşdə xüsusi olaraq vurğulanıb ki, filialın direktoru, professor Yusif Alıyevin rəhbərliyi altında təhsil müəssisəsində imtahanların yüksək standartlara uyğun keçirilməsi, hər bir tələbənin biliyinin tam və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri şərait yaradılmışdır. Direktorun imtahan prosesinin gedişatına olan daimi diqqət və qayğısı, eləcə də şəffaflığın təmin olunması istiqamətində müəyyən etdiyi strateji xətt İmtahan Qərargahının fəaliyyətinin əsas meyarını təşkil edir. Rəhbərliyin tapşırıq və tövsiyələrinə uyğun olaraq, sessiya boyu tələbə mənafeyinin üstün tutulması və hər bir müraciətə fərdi, ədalətli yanaşılması qərargahın prioritet vəzifəsi kimi müəyyənləşdirilib.
Müzakirələr zamanı İmtahan Qərargahı və Apellyasiya Komissiyasının iş prinsipləri, daxil olan müraciətlərin operativ şəkildə dəyərləndirilməsi və texniki-təşkilati tədbirlər diqqət mərkəzində saxlanılıb. Sonda qərargah sədrliyi tərəfindən sessiyanın yüksək səviyyədə idarə olunması üçün daxili strukturlara müvafiq tapşırıqlar verilib və imtahanların uğurla başa çatdırılması istiqamətində qərargah üzvlərinə fəaliyyətlərində uğurlar arzulanıb.




