ADPU-nun Quba filialında gənc tədqiqatçıların elmi inkişafı və kadr hazırlığı müzakirə olunub.

29.06.2026
ADPU-nun Quba filialında gənc tədqiqatçıların elmi inkişafı və kadr hazırlığı müzakirə olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, fizika elmləri doktoru, professor Asəf Zamanov ADPU-nun Quba filialında olub. Səfər çərçivəsində filialın struktur rəhbərləri, professor-müəllim heyəti və gənc tədqiqatçıların iştirakı ilə elmi-tədqiqat işlərinin keyfiyyətinin artırılması, kadr hazırlığının təkmilləşdirilməsi və gənc alimlərin elmi fəaliyyətinə dəstək məsələlərinə həsr olunmuş görüş keçirilib.

Filialın Heydər Əliyev Lektoriyasında təşkil olunan görüşü giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev professor Asəf Zamanovu və tədbir iştirakçılarını salamlayaraq, ölkəmizdə elmi kadr hazırlığının inkişafı, gənc alimlərin fundamental və tətbiqi tədqiqatlara cəlb olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayıb.

Professor Yusif Alıyev çıxışında filialda son illər elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, gənc mütəxəssislərin elmi potensialının artırılması və universitet–elm–təhsil vəhdətinin təmin olunması istiqamətində görülən işlərdən bəhs edib. O, dəvəti qəbul edərək filialın gənc alimləri ilə görüşə gəldiyinə, elmi mühitin inkişafına və kadr hazırlığı prosesinə verdiyi dəyərli töhfələrə görə professor Asəf Zamanova minnətdarlığını bildirib. Direktor qeyd edib ki, tanınmış və təcrübəli alimlərin gənc tədqiqatçılarla birbaşa dialoqu onların gələcək elmi fəaliyyətinə mühüm stimul verir, elmi axtarışlara marağı artırır və tədqiqat mədəniyyətinin formalaşmasına ciddi təsir göstərir.

Görüşdə çıxış edən professor Asəf Zamanov ADPU-nun Quba filialının elmi potensialını yüksək qiymətləndirib, gənc kadrların yetişdirilməsi, elmi fəaliyyətin müasir tələblər əsasında təşkili və qarşıda duran strateji hədəflərlə bağlı fikirlərini bölüşüb. O bildirib ki, müasir dövrdə elmi-tədqiqat işləri yalnız nəzəri xarakter daşımamalı, regional və qlobal çağırışlara cavab verməli, təhsilin məzmununa və praktik fəaliyyət sahələrinə birbaşa inteqrasiya olunmalıdır.

Professor Asəf Zamanov elmi mühitin canlandırılmasında struktur rəhbərlərinin, kafedraların və elmi rəhbərlərin üzərinə mühüm məsuliyyət düşdüyünü qeyd edib. O, kadr potensialının gücləndirilməsi, gənc alimlərin tədqiqat prosesinə sistemli şəkildə cəlb olunması, elmi nəticələrin beynəlxalq standartlara uyğunlaşdırılması və elmi fəaliyyətin keyfiyyət göstəricilərinin artırılması üçün ardıcıl və məqsədyönlü işin vacibliyini diqqətə çatdırıb.

Görüşün əsas müzakirə istiqamətlərindən biri doktorantura pilləsində təhsil alan, dissertasiya işlərini tamamlayaraq müdafiə mərhələsinə yaxınlaşan gənc tədqiqatçıların elmi fəaliyyəti olub. Fikir mübadiləsi formatında davam edən tədbirdə gənc alimlərin dissertasiya mövzuları, tədqiqat işlərinin hazırkı vəziyyəti, əldə olunan nəticələr, qarşıya çıxan çətinliklər və elmi yeniliklərin təqdimatı dinlənilib.

Professor Asəf Zamanov müdafiə ərəfəsində olan gənc tədqiqatçılara elmi işlərin beynəlxalq akademik tələblərə uyğunlaşdırılması, tədqiqat metodologiyasının gücləndirilməsi, elmi tapıntıların nəzəri və tətbiqi əhəmiyyətinin əsaslandırılması, məqalələrin nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda dərc olunması və dissertasiya işlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində dəyərli tövsiyələr verib. O, gənc alimlərə elmi fəaliyyətin davamlı, sistemli və məsuliyyətli yanaşma tələb etdiyini bildirərək, onların gələcək tədqiqat istiqamətləri üzrə konkret yol xəritəsinin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Müzakirələr zamanı təhsilin elmlə vəhdətinin təmin olunması, elmi-tədqiqat nəticələrinin tədris prosesinə inteqrasiyası, gənc tədqiqatçıların elmi layihələrdə iştirakının genişləndirilməsi və filialda akademik mühitin daha da gücləndirilməsi istiqamətində atılacaq növbəti addımlar müəyyənləşdirilib.

Qeyd olunub ki, gənc alimlərin elmə qazandırılması, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və beynəlxalq elmi mühitə inteqrasiyası ADPU-nun Quba filialının regional və respublika miqyasında elmi nüfuzunun artırılmasında mühüm rol oynayır.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?