Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Tələbə Gənclər Təşkilatının Ədəbiyyat Klubunun təşkilatçılığı ilə “Əruzun ilkin nəzəriyyəsi və Əliağa Vahid” mövzusunda təlim keçirilib. Klubun sədri, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Rəfael Səfərəliyevin təqdim etdiyi təlim klassik poeziyamızın öyrənilməsinə və tələbələrin ədəbi biliklərinin zənginləşdirilməsinə həsr olunub.
Təlimdə əruz vəzninin ilkin nəzəri əsasları, Azərbaycan poeziyasında yeri və görkəmli qəzəl ustadı Əliağa Vahidin yaradıcılığı haqqında məlumat verilib. İştirakçılar klassik şeirin vəzn xüsusiyyətləri və bədii ifadə imkanları barədə biliklərini genişləndiriblər.
Filialın direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva çıxışında tələbə təşəbbüslərinin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. O, Rəfael Səfərəliyevin fəallığını təqdir edərək belə tədbirlərin gənclərin ədəbi-estetik zövqünün və intellektual bacarıqlarının inkişafına töhfə verdiyini bildirib.
Rəfael Səfərəliyev klassik ədəbiyyata və əruza marağının formalaşmasında mərhum babası, tanınmış şair Mirdamət Əzizin yaradıcılığının və ondan aldığı dərslərin xüsusi rol oynadığını qeyd edib.
Sonda təlimdə iştirak edən filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının tələbələrinin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Təlimdə fəallığı ilə seçilən tələbələrə kitablar hədiyyə olunub.








