ADPU-nun Quba Filialında “Dillərin tədrisində müasir yanaşmalar və innovativ metodlar” mövzusunda innovativ təlim keçirilib

15.06.2026
ADPU-nun Quba Filialında “Dillərin tədrisində müasir yanaşmalar və innovativ metodlar” mövzusunda innovativ təlim keçirilib

ADPU-nun Quba Filialı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Dillərin tədrisində müasir yanaşmalar və innovativ metodlar” mövzusunda innovativ təlim keçirilib

​Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Bakı Slavyan Universitetinin (BSU) birgə tərəfdaşlığı çərçivəsində baş tutan bu mühüm tədbirin əsas məqsədi müasir təhsil çağırışları fonunda xarici dillərin tədrisində tətbiq olunan yeni yanaşmaların, innovativ pedaqoji texnologiyaların və effektiv tədris strategiyalarının müzakirəsi, müəllimlərin peşəkar inkişafına töhfə verilməsi və ali təhsil müəssisələri arasında təcrübə mübadiləsininin genişləndirilməsidir.

​Tədbirin rəsmi açılışını edən moderator – filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova qonaqları və iştirakçıları salamladıqdan sonra, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

​Daha sonra rəsmi açılış nitqi ilə çıxış edən ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev universitetlər arasında qurulan ikitərəfli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Mövzunun yüksək aktuallığına toxunan professor Yusif Alıyev qeyd edib ki, Bakı Slavyan Universiteti ilə reallaşdırılan bu layihə regionda pedaqoji kadrların elmi-metodiki potensialının gücləndirilməsinə xidmət edir. Çıxışı zamanı BSU-nun rektoru, professor Anar Nağıyevin ali təhsil müəssisələri arasında uğurlu əməkdaşlıq platformalarının yaradılmasındakı rolunu və universitetdə həyata keçirilən innovasiya fəaliyyətini yüksək qiymətləndirən direktor, bu uzaqgörən tərəfdaşlıq strategiyasının təhsilin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb, təlimin keçirilməsinə görə professor Anar Nağıyevə təşəkkür ünvanlayıb. Qloballaşan dünyada xarici dillərin effektiv tədrisinin və rəqəmsal transformasiyanın təhsilin keyfiyyət standartlarına birbaşa təsir göstərdiyini bildirən professor Yusif Alıyev, bu növ innovativ seminarların davamlı olmasının vacibliyini ifadə edib.

​Yüksək peşəkarlıqla keçən təlim BSU-nun Xarici dil müəllimliyi fakültəsinin dekanı dosent Günel Allahverdiyeva və Pedaqogika kafedrasının müdiri, professor Piralı Əliyev tərəfindən aparılıb. Təlim çərçivəsində Günel Allahverdiyeva dillərin tədrisində kommunikativ yanaşmalar, tələbəyönümlü təlim metodları və interaktiv dərs modelləri barədə ətraflı məlumat verərək, tələbəyönümlü mühitdə tələbənin fəal subyektə çevrilməsinin üstünlüklərini diqqətə çatdırıb. Professor Piralı Əliyev isə müasir pedaqogikada rəqəmsal resurslardan səmərəli istifadə və innovativ qiymətləndirmə mexanizmlərindən danışaraq, yeni nəsil texnologiyaların dərs prosesinə inteqrasiyasının yaratdığı geniş imkanları elmi-pedaqoji kontekstdə əsaslandırıb.

​Təlimin interaktiv şəkildə keçən yekun hissəsində filialın direktor müavini p. f. d. Aysel Şeydayeva, fakültə dekanı Nübar Bayramova, şöbə müdiri Seyid Cabbarov, Filologiya kafedrasının müəllimi Nuranə Allahverdiyeva tərəfindən müasir dil tədrisində qarşıya çıxan pedaqoji çətinliklər və kurikulum tələbləri ilə bağlı müvafiq tələb və təkliflər irəli sürülüb. İştirakçılar tərəfindən rəqəmsal platformaların dərslərdə tətbiqinin genişləndirilməsi və regionlarda bu formatda praktik seminarların intensivləşdirilməsi təklif olunub. Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar məruzəçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb və səmərəli diskussiya şəraitində tədbirə yekun vurulub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?