Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Heydər Əliyev irsində müəllim nüfuzu” mövzusunda tədbir keçirilib.
Tədbirdə ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə, filialın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva və şöbə müdiri Hikmət Musayevin birgə hazırladıqları Beynəlxalq Müəllimlər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, professor Yusif Alıyev müəllimlik peşəsinin cəmiyyətin mənəvi və intellektual inkişafındakı rolundan danışıb. Bildirib ki, müəllim yalnız bilik ötürən şəxs deyil, eyni zamanda gənc nəslin dünyagörüşünün, vətəndaş mövqeyinin və milli-mənəvi dəyərlərə münasibətinin formalaşmasında mühüm rol oynayan ictimai qüvvədir.
Professor Yusif Alıyev çıxışında Ümummilli Lider Heydər Əliyevin müəllim əməyinə, təhsilə və ziyalılığa verdiyi yüksək dəyərə toxunub. Qeyd edib ki, Azərbaycan cəmiyyətində müəllimə ehtiram qədim tarixi ənənələrə söykənir və Heydər Əliyevin siyasi irsində bu yanaşma dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi xüsusi yer tutur.
Filialın direktoru, həmçinin Prezident İlham Əliyevin təhsil, insan kapitalı və milli inkişafla bağlı müəyyən etdiyi strateji istiqamətlərdən danışaraq, müasir Azərbaycan müəlliminin bilikli, yenilikçi, yüksək peşəkarlığa malik və ictimai məsuliyyət hissi ilə seçilən şəxsiyyət kimi formalaşmasının əhəmiyyətini vurğulayıb.
Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə çıxışında müəllimin cəmiyyətdəki nüfuzundan, pedaqoji fəaliyyətin dövlət və cəmiyyət üçün əhəmiyyətindən bəhs edib. O, ADPU-nun Quba filialında son illərdə həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirib, filialın tədris, elmi və ictimai fəaliyyətində müşahidə olunan inkişaf dinamikasını qeyd edib.
Deputat gəncləri ölkədə baş verən ictimai-siyasi və sosial-iqtisadi prosesləri yaxından izləməyə, bilik və bacarıqlarını daim inkişaf etdirməyə, cəmiyyət həyatında fəal mövqe tutmağa çağırıb. O, filialın professor-müəllim heyətinin ziyalılıq ənənələrinə sadiq, peşəkar və öz üzərində çalışan kollektiv olduğunu bildirib, direktor professor Yusif Alıyevin innovativ təşəbbüslərinin müəssisənin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Tədbirdə Humanitar elmlər kafedrasının baş müəllimi, Əməkdar mədəniyyət işçisi Elza Orucova müəllimlik peşəsinin mənəvi mahiyyəti və müəllim şəxsiyyətinin gənc nəslin formalaşmasındakı rolu barədə fikirlərini bölüşüb.
Filologiya kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi Rahib Sədullayev müəllim nüfuzunun qorunmasının, elmə və təhsilə verilən dəyərin cəmiyyətin inkişafı baxımından əhəmiyyətindən danışıb.
Ümumi fənlər və təbiət elmləri kafedrasının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Nurbala Süleymanov isə ADPU-nun Quba filialının keçdiyi inkişaf yolundan, regionda pedaqoji kadr hazırlığı sahəsindəki fəaliyyətindən və formalaşdırdığı elmi-pedaqoji ənənələrdən söz açıb.
Tədbirin bədii hissəsində filial tələbələrinin ifasında müəllimə həsr olunan ədəbi-bədii nümunələr təqdim edilib. Tələbə Günəş İskəndərov Ziya Fədainin sözlərinə bəstələnmiş “Müəllimlərim” əsərini, tələbə Aysun Əliyeva isə Nazim Yaquboğlunun sözlərinə yazılmış “Müəllim” şeirini səsləndirib. Tələbə Aydan Əzizova da bədii təqdimatla çıxış edib.
Tədbir çərçivəsində filialın bir qrup müəllimi müəssisənin elmi-ictimai həyatında fəal iştirakına, gənc nəslin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə sədaqət və yüksək intellekt ruhunda tərbiyəsinə verdikləri töhfəyə, eləcə də səmərəli pedaqoji və ictimai fəaliyyətlərinə görə təltif olunub.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin təhsil siyasətində müəllim şəxsiyyətinə verdiyi yüksək dəyər, müəllimlik peşəsinin cəmiyyətin gələcəyinin formalaşmasındakı fundamental rolu və müasir dövrdə müəllim nüfuzunun qorunmasının vacibliyi xüsusi vurğulanıb.
Tədbirin aparıcısı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova olub.
Sonda xatirə fotosu çəkdirilib.




















