ADPU-nun Quba filialında beynəlxalq akademik əməkdaşlıq çərçivəsində mühüm səfər həyata keçirilib.

06.05.2026
ADPU-nun Quba filialında beynəlxalq akademik əməkdaşlıq çərçivəsində mühüm səfər həyata keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında beynəlxalq elmi-pedaqoji əlaqələrin inkişafı istiqamətində növbəti əhəmiyyətli addım atılmışdır. Belə ki, Özbəkistan Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Urgənc Dövlət Universitetinin professor-müəllim heyəti nümayəndələri 27 aprel – 26 may 2026-cı il tarixlərində filialda akademik səfərdə olmuşlar.

Səfər çərçivəsində universiteti təmsil edən alimlər Cəbr və riyazi mühəndislik kafedrasının dosenti, fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Baltayeva İroda İsmailovna, Riyazi analiz kafedrasının dosenti, fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Vaisova Moxira Davlatboyevna, eləcə də Kompüter elmləri və süni intellekt texnologiyaları kafedrasının dosenti, fizika və riyaziyyat üzrə fəlsəfə doktoru Raximbayeva Muxabbat Duşambayevna iştirak etmişlər.

Səfərin əsas məqsədi müasir ali təhsil mühitində qarşılıqlı təcrübə mübadiləsinin aparılması, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, innovativ pedaqoji yanaşmaların tətbiqi istiqamətində fikir mübadiləsinin genişləndirilməsi, həmçinin gələcək elmi-tədqiqat və akademik əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi olmuşdur.

Qonaqları qəbul edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxışında Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin tarixi köklərinə toxunmuş, bu əlaqələrin ali təhsil müstəvisində daha da möhkəmləndirilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır. Professor Yusif Alıyev eyni zamanda iki ali təhsil müəssisəsi arasında formalaşan qarşılıqlı etimada əsaslanan müsbət akademik mühitin gələcək birgə layihələr üçün geniş imkanlar açdığını qeyd etmişdir.

Səfər müddətində bir sıra işgüzar görüşlər təşkil olunmuş, müxtəlif istiqamətlər üzrə müzakirələr aparılmış, tədris və elmi fəaliyyət sahəsində təcrübə mübadiləsi həyata keçirilmişdir. Görüşlər zamanı tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə elmi tədqiqatların təşkili, müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi kimi mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd olunan səfər, ümumilikdə, ADPU-nun Quba filialının beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal elmi mühitə inteqrasiyası və müasir təhsil çağırışlarına adekvat cavab verməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?