6 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Baharın ən gözəl adı Qadındır” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbir filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın aparıcılığı ilə keçirilib.
Tədbiri giriş sözü ilə fizika elmləri doktoru, professor, ADPU-nun Quba filialının direktoru Yusif Alıyev açıq elan edib. O, filialın akademik məsləhətçisi, şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel xanımın timsalında filialın bütün xanım əməkdaşlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara xoş arzularını çatdırıb.
Direktor çıxışında qeyd edib ki, Azərbaycan qadını tarix boyu cəmiyyətin müxtəlif sahələrində mühüm rol oynayıb. Xüsusilə təhsil sahəsində çalışan qadınların zəhməti və fədakarlığı gənc nəslin formalaşmasında, onların vətənpərvər ruhda tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan qadınları ictimai-siyasi, elmi, mədəni və digər sahələrdə fəal iştirak edərək ölkənin inkişafına mühüm töhfələr verirlər.
Yusif Alıyev həmçinin vurğulayıb ki, qadınlarla kişilərin bərabərliyindən danışarkən etiraf edilməlidir ki, qadınlar tarix boyu böyük zəhmət və məsuliyyət daşıyıblar. O, xüsusilə şəhid analarını, bacılarını və həyat yoldaşlarını dərin ehtiramla yad edərək onları bayram münasibətilə təbrik edib, səbir və möhkəmlik arzulayıb.
Direktor 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərini xatırladaraq qeyd edib ki, xalqımız torpaqlarımızın azad olunması xəbərləri ilə qürur və sevinc hissi yaşadığı bir vaxtda bəzi ailələr Vətən uğrunda canından keçmiş övladlarının, qardaşlarının və həyat yoldaşlarının şəhid xəbəri ilə qarşılaşırdı. O, hər bir şəhid anasının, bacısının və həyat yoldaşının qarşısında baş əydiyini bildirib.
Yusif Alıyev filialda çalışan qadın əməkdaşların əməyini yüksək qiymətləndirərək onların məsuliyyətli və nümunəvi fəaliyyətini xüsusi qeyd edib. O, həmçinin Türk və Azərbaycan tarixində iz qoymuş görkəmli qadın şəxsiyyətlərdən – Tomris, Xurşidbanu Natəvan, Məhsəti Gəncəvi və digər tarixi simalardan bəhs edib.
Direktor çıxışında 8 Mart – Beynəlxalq Qadınlar Gününün yaranma tarixi və mahiyyəti haqqında məlumat verib. Eyni zamanda “qadın” sözünün türk tarixindəki mənəvi məzmununa toxunaraq bildirib ki, türk dövlətlərində ən ali titul “xan” titulu sayılırdı və hökmdarların həyat yoldaşlarına “xanım” deyə müraciət olunması qadınlara verilən yüksək dəyərin ifadəsi idi. Sonda o, bir daha bütün xanım əməkdaşları bayram münasibətilə təbrik edib.
Daha sonra təbrik üçün söz Filologiya kafedrasının baş müəllimi, “Qabaqcıl Təhsil İşçisi” Eyvaz Şeydayevə, İnsan Resursları və Kargüzarlıq şöbəsinin müdiri, şərqşünas Seyid Cabbarova, riyaziyyat üzrə fəlsəfə doktoru, baş müəllim Nurbala Süleymanova verilib. Çıxış edənlər bütün xanım əməkdaşları təbrik edərək onlara xoş arzularını çatdırıb, qadınlara həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbir filialın istedadlı tələbələri Əli Daşdəmirov və Nübar Cəfərovanın ifasında səsləndirilən şeir kompozisiyaları ilə davam edib.
Sonda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə və ADPU-nun Quba filialının ictimai-mədəni həyatında fəal iştirak etdiklərinə görə bir qrup əməkdaş filialın direktoru, dosent Yusif Alıyevin əmri ilə təltif olunub.
Tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.




















