ADPU – nun Quba filialında 20 Sentyabr – Dövlət Suverenliyi Günü qeyd olunub

25.09.2026
ADPU – nun Quba filialında 20 Sentyabr – Dövlət Suverenliyi Günü qeyd olunub

17 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə ​Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunan “Azərbaycan Respublikasının suverenliyinin bərpası: Tarixi əhəmiyyəti və geosiyasi nəticələri” mövzusunda bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

​Tədbirdə çıxış edən ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev geniş və məzmunlu açılış nitqində Azərbaycanın dövlət suverenliyinin tam bərpasının müasir tariximizin ən parlaq və qürurverici səhifəsi olduğunu vurğuladı. Direktor qeyd etdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfər və nəticədə suverenliyimizin bütün ölkə ərazisində bərqərar olunması xalqımızın əyilməz iradəsinin və birliyinin təntənəsidir. Professor çıxışında gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, tariximizin dərindən öyrənilməsində ali təhsil müəssisələrinin üzərinə düşən böyük məsuliyyətdən danışdı, elm və təhsil cəbhəsində qazanılan uğurların dövlətçiliyimizin güclənməsinə xidmət etdiyini diqqətə çatdırdı.

Tələbə-məzun və karyera şöbəsinin mütəxəssisi Fatimə Allahverdiyeva moderatorluğu ilə davam edən tədbirdə daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İctimai Birliyinin Quba Rayon Şöbəsinin sədri,“Füzulinin azad olunmasına görə”,“Qubadlının azad olunmasına görə”,“Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş,

Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov veteranlar adından çıxış edərək tarixi qələbənin əldə olunmasında Azərbaycan əsgərinin göstərdiyi misilsiz şücaətdən və rəşadətdən bəhs etdi. O, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın və ordumuzun hər an düşmənə layiqli cavab verməyə hazır olduğunu bildirdi. Quba şəhər H.Hüseynov adına 4 saylı tam orta məktəbin Hərbi müəllimi,döyüşlərdə göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və III dərəcəli “Vətənə xidmətə görə” medalları daxil olmaqla 6 medalla təltif edilmiş Vətən müharibəsi iştirakçısı Tarıyel Ağasıyev isə gənclərə tariximizi və qəhrəmanlıq salnaməmizi düzgün çatdırmağın vacibliyini vurğuladı, suverenliyin qorunmasının hər bir vətəndaşın müqəddəs borcu olduğunu diqqətə çatdırdı.

​Tədbirin bədii hissəsində filialın tələbəsi Günəş İskəndərovun ifasında sözləri görkəmli şairimiz professor Mahirə xanım Nağığıqızına aid olan “Vətəndir” şeiri səsləndirildi və böyük coşğuyla qarşılandı. Tədbir çərçivəsində göstərdikləri şücaətə və səmərəli fəaliyyətə görə filialın direktoru professor Yusif Alıyev tərəfindən tədbirdə iştirak edən bütün qazilərimiz – Tariyel Ağasıyev, Ruslan Bədirov, Məhəmməd Əzizov, İbrahim Qurbanov xüsusi fəxri fərmanlarla təltif olundular. Tədbir xatirə fotosunun çəkilişi ilə yekunlaşdı.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?