Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı Qusar şəhərində keçirilən “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı”nda Aqronomluq ixtisasını uğurla təqdim edib.
Avqustun 14-də saat 11:00-da Qusar şəhərinin General Mahmud Əbilov adına Mərkəzi Meydanında təşkil olunan möhtəşəm tədbirdə 61 sahibkarlıq subyekti öz məhsul və xidmətlərini nümayiş etdirib. Fermerlərin, sahibkarların, aqrar sahə üzrə mütəxəssislərin və rayon sakinlərinin geniş iştirak etdiyi festivalda ADPU-nun Quba filialı da xüsusi nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə filialın direktoru, professor Yusif Alıyev, direktor müavini p.f.d. Aysel Şeydayeva, şöbə müdirləri Mələk Bağırova və Hikmət Musayev, həmçinin direktor köməkçisi Emin Yarməmmədov iştirak ediblər. Tələbə, məzun və karyera şöbəsinin təşkilatçılığı ilə hazırlanmış xüsusi banerlər və məlumatlandırıcı bukletlər vasitəsilə festival iştirakçılarına cari ildən filialda yeni açılan Aqronomluq ixtisası haqqında ətraflı məlumat verilib.
Filialın direktoru, professor Yusif Alıyev Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanova və digər festival iştirakçılarına məlumat verərək qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı peşəkar kadrların hazırlanmasını zəruri edir: “Bölgəmizin zəngin aqrar potensialını və müasir çağırışları nəzərə alaraq, cari ildən ADPU-nun Quba filialında yeni” Aqronomluq” ixtisası açılmışdır. Bu yeni ixtisas tələbələrə torpaqşünaslıq, bitkiçilik, intensiv bağçılıq, bitki mühafizəsi və müasir aqrotexnologiyaların tətbiqi sahəsində dərin elmi və praktiki biliklər aşılayacaq. Əminik ki, bu addım regionun aqrar sektorunun inkişafına mühüm töhfə verəcək yüksək ixtisaslı kadrların yetişdirilməsində mühüm rol oynayacaq”.
Festival iştirakçıları və gənclər tərəfindən böyük maraqla qarşılanan bu cür tədbirlər regionda elmlə istehsalatın əlaqələndirilməsinə, eləcə də gənclərin kənd təsərrüfatı sahəsinə marağının artırılmasına mühüm töhfə verir. Eyni zamanda, festival çərçivəsində ADPU-nun Quba filialının təqdimatı və yeni “Aqronomluq” ixtisası iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.











