ADPU-nun Quba filialı Özbəkistanda keçirilən beynəlxalq elmi-praktik konfransda tərəfdaş kimi təmsil olunub

19.10.2026
ADPU-nun Quba filialı Özbəkistanda keçirilən beynəlxalq elmi-praktik konfransda tərəfdaş kimi təmsil olunub

13–14 oktyabr 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Qarşı şəhərində yerləşən Asiya Texnologiyalar Universitetinin təşkilatçılığı ilə “Özbəkistan–Azərbaycan elmi-mədəni əlaqələri”nə həsr edilmiş “Təhsil sistemində transformasiya, modernləşmə, idarəetmə, infrastruktur və innovasiya” mövzularında beynəlxalq elmi-praktik konfrans keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı konfransda tərəfdaş qurum kimi təmsil olunub.

Tədbirdə filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev, tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Pərvanə Rzayeva və Ümumi fənlər və təbiət elmləri kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Lətifə Cəlilova iştirak ediblər. Nümayəndə heyətinin səfəri iki ölkənin ali təhsil müəssisələri arasında elmi-pedaqoji əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə fəaliyyət imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı etimada və qardaşlıq münasibətlərinə əsaslanan siyasi iradəsi Azərbaycan–Özbəkistan əlaqələrinin yüksək səviyyədə inkişafına, əməkdaşlığın müxtəlif sahələr üzrə genişlənməsinə möhkəm zəmin yaradıb.

Dövlət başçılarının elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin gücləndirilməsinə göstərdikləri diqqət iki ölkənin ali təhsil müəssisələri arasında tərəfdaşlığın dərinləşməsinə və ortaq elmi-mədəni təşəbbüslərin həyata keçirilməsinə əlverişli imkanlar açıb.

Konfransda Azərbaycan və Özbəkistan arasında tarixi, ədəbi və mədəni əlaqələrin öyrənilməsi ilə yanaşı, müasir təhsilin inkişaf istiqamətləri də diqqət mərkəzində olub. İki ölkə arasında elmi, maarifçilik və mədəni əməkdaşlığın genişləndirilməsi, tarixi irsin və milli dəyərlərin qorunması, təhsil və elm sahəsində əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Konfransın Azərbaycan–Özbəkistan elmi-mədəni əlaqələrinə həsr olunan istiqaməti Asiya Texnologiyalar Universiteti ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında əməkdaşlıq memorandumu əsasında təşkil edilib. Bu istiqamət üzrə tarixi irs və dövlətçilik ənənələri, ədəbi-mədəni münasibətlər, türk mədəni irsi, elm, təhsil və innovasiya sahəsində əməkdaşlıq, eləcə də mədəni-humanitar və diplomatik əlaqələrin müasir mərhələsi əsas mövzular sırasında yer alıb.

Təhsil istiqaməti üzrə müzakirələr psixologiyada müasir dəyişiklikləri, məktəbəqədər və ibtidai təhsilin rəqəmsallaşdırılmasını, pedaqoji təhsildə innovasiyaları və keyfiyyətin idarə olunmasını, fənlərin tədrisində rəqəmsal texnologiyaların tətbiqini və fənlərarası inteqrasiyanı əhatə edib. Mövzuların əhatə dairəsi elmi-mədəni əməkdaşlıqla müasir təhsil problemlərinin əlaqəli şəkildə nəzərdən keçirilməsinə imkan yaradıb.

Professor Yusif Alıyev konfransda “Azərbaycan ilə Özbəkistan arasında təhsil, elm və mədəniyyət əlaqələrinin institusional inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə iki xalqın tarixi-mədəni yaxınlığının davamlı akademik tərəfdaşlığa çevrilməsi, universitetlərarası əməkdaşlığın konkret proqramlar və ölçülə bilən nəticələr əsasında inkişaf etdirilməsi imkanları geniş təhlil olunub.

Tədqiqatın metodoloji əsasını sənəd təhlili, müqayisəli-institusional yanaşma və tematik məzmun təhlili təşkil edib. Dövlətlərarası sənədlər, Azərbaycan və özbək dillərində elmi əsərlər, monoqrafiyalar, rəsmi məlumatlar və universitet materialları əsasında əməkdaşlığın tarixi-mədəni təməlləri və inkişaf perspektivləri araşdırılıb. Mövcud tədqiqatlarda ədəbi təsir, tərcümə və ortaq mədəni irsin geniş öyrənildiyi, universitetlərarası əməkdaşlığın idarəetmə mexanizmləri, nəticələrinin qiymətləndirilməsi və regional filialların bu prosesdəki rolunun isə daha ətraflı araşdırılmasına ehtiyac olduğu göstərilib.

Professor Yusif Alıyev Azərbaycan–Özbəkistan münasibətlərinin mənəvi əsaslarını Nizami Gəncəvi, Əlişir Nəvai və Məhəmməd Füzuli irsi, qarşılıqlı ədəbi təsirlər və tərcümə ənənələri kontekstində təqdim edib. Bu zəngin irsin müqayisəli ədəbiyyat, dil tarixi, tərcüməşünaslıq və rəqəmsal humanitar elmlər sahələrində birgə tədqiqatlar üçün geniş imkanlar yaratdığı əsaslandırılıb. Ortaq klassik irsin tədris proqramlarına daxil edilməsi, paralel mətn toplularının, ikidilli terminoloji bazaların və rəqəmsal kataloqların hazırlanması mümkün əməkdaşlıq istiqamətləri kimi irəli sürülüb.

Çıxışda Maqsud Şeyxzadə və Xalid Səid Hocayevin fəaliyyəti iki xalq arasında qarşılıqlı elmi-mədəni əlaqələrin səciyyəvi nümunələri kimi dəyərləndirilib. Azərbaycanda yetişərək Özbəkistanın ədəbiyyatına, elminə və pedaqoji həyatına töhfələr vermiş Maqsud Şeyxzadənin yaradıcılığı ilə Özbəkistan torpağından Azərbaycana gəlmiş Xalid Səid Xocayevin dilçilik və türkoloji fəaliyyəti qarşılıqlı bilik və təcrübə mübadiləsi baxımından təhlil olunub. Bu şəxsiyyətlərin irsinin ortaq tədris materialları, rəqəmsal arxivlər və universitetlərarası araşdırma layihələri vasitəsilə öyrənilməsi və tanıdılması təklif edilib.

Məruzədə müəllim hazırlığı və müəllimlərin davamlı peşəkar inkişafı mühüm əməkdaşlıq sahələri kimi təqdim olunub. Rəqəmsal pedaqogika, inklüziv təhsil, qiymətləndirmə savadlılığı, nəzəri biliklərlə məktəb təcrübəsinin əlaqələndirilməsi və regionlarda pedaqoji kadr potensialının gücləndirilməsi üzrə birgə proqramların hazırlanması məqsədəuyğun sayılıb. Müəllimlərin peşəkar inkişafında mentorluq, dərs müşahidəsi, portfolio və fəaliyyət tədqiqatları kimi üsulların tətbiqinin əhəmiyyəti vurğulanıb.

Akademik mobilliyin nəticələrinin qazanılmış bilik və bacarıqlar, tanınmış kreditlər, hazırlanmış metodik materiallar və sonrakı birgə fəaliyyətlər əsasında qiymətləndirilməsi təklif edilib. Tələbələr üçün əvvəlcədən razılaşdırılmış təhsil planlarının, müəllimlər üçün açıq dərslərin və birgə metodik məhsulların, doktorantlar üçün isə ortaq elmi rəhbərlik mexanizmlərinin yaradılması praktik təkliflər sırasında yer alıb. Virtual mübadilə və hibrid proqramların əməkdaşlıqda iştirak imkanlarını genişləndirə biləcəyi qeyd olunub.

Məruzənin əsas istiqamətlərindən birini Quba-Fərqanə-Qarşı-Daşkənd xətti üzrə beynəlxalq elmi əməkdaşlıq şəbəkəsinin formalaşdırılması təşkil edib. Təklif olunan yanaşmada Quba-Fərqanə və Quba-Daşkənd əlaqələrinin müəllim hazırlığı və davamlı peşəkar inkişaf, Quba-Qarşı əməkdaşlığının isə elm, rəqəmsal texnologiyalar və mədəni irsin tədrisə tətbiqi istiqamətində inkişaf etdirilməsi nəzərdə tutulub.

Bu model çərçivəsində ADPU-nun akademik imkanları ilə regional filialların yerli məktəblər və tərəfdaş qurumlarla əlaqələrinin birləşdirilməsinin üstünlükləri izah edilib. Quba filialının regional təhsil mühiti ilə sıx əməkdaşlığının beynəlxalq layihələrin tətbiqi, sınaqdan keçirilməsi və nəticələrinin yayılması üçün əlverişli imkan yaratdığı göstərilib.

Əməkdaşlığın dövlət, universitet və fərdi iştirakçı səviyyələrini əlaqələndirən modelində dövlət səviyyəsində hüquqi çərçivə, dəstək və maliyyələşmə, universitetlər səviyyəsində ortaq proqramlar və tədqiqat layihələri, müəllim, tələbə və tədqiqatçılar səviyyəsində isə mübadilə, mentorluq və birgə praktik fəaliyyətlər nəzərdə tutulub. Bu səviyyələr arasında davamlı əlaqələrin qurulmasının əməkdaşlığın institusional xarakter alması üçün vacibliyi əsaslandırılıb.

Professor Yusif Alıyev 2027–2029-cu illər üçün mərhələli fəaliyyət yanaşmasını da təqdim edib. Tərəfdaşların imkanlarının və ehtiyaclarının müəyyənləşdirilməsi, “Müqayisəli müəllim hazırlığı və rəqəmsal pedaqogika” və “Nizami-Nəvai-Füzuli irsinin tədrisi” mövzularında pilot modulların hazırlanması, akademik mübadilənin və ortaq nəşr planının həyata keçirilməsi bu yanaşmanın əsas istiqamətlərini təşkil edib. Hər ilin sonunda nəticələrin qiymətləndirilməsi və növbəti fəaliyyət planının həmin nəticələr əsasında təkmilləşdirilməsi təklif olunub.

Məruzədə əməkdaşlığın səmərəliliyinin birgə dərslərin, elmi nəşrlərin, layihələrin və iştirakçıların sayı ilə yanaşı, tədris təcrübəsindəki dəyişikliklər, tələbə məmnunluğu, hazırlanmış resursların istifadəsi və tədqiqatların keyfiyyəti əsasında ölçülməsinin əhəmiyyəti vurğulanıb. Ortaq tarixi-mədəni yaxınlığın davamlı akademik nəticələrə çevrilməsi üçün əməkdaşlıq sənədlərində resursların, məsul tərəflərin, icra müddətlərinin və nəticə göstəricilərinin müəyyənləşdirilməsinin zəruriliyi qeyd edilib.

Konfransda filialın tədris və elmi işlər üzrə direktor müavini Pərvanə Rzayeva və Ümumi fənlər və təbiət elmləri kafedrasının müdiri Lətifə Cəlilova da tədqiqat istiqamətlərinə uyğun elmi məruzələrlə çıxış ediblər.

Səfərin elmi proqramı çərçivəsində professor Yusif Alıyev Asiya Texnologiyalar Universitetinin professor-müəllim heyəti və tədqiqatçıları üçün “Elmi-tədqiqat işlərinin aparılmasında metodologiyanın rolu (materialşünaslıq istiqaməti üzrə)” mövzusunda elmi seminar keçirib. Tədqiqat fəaliyyətinin metodoloji əsaslarına həsr olunan seminar elmi təcrübə mübadiləsinə, universitetin əməkdaşları və tədqiqatçıları ilə birbaşa akademik ünsiyyətin genişləndirilməsinə imkan yaradıb.

Professor Yusif Alıyev, həmçinin universitetdə yaradılmış Özbəkistan-Azərbaycan Dostluq Mərkəzinin açılış mərasimində iştirak edib. Mərkəzin fəaliyyəti iki xalq arasında tarixi-mənəvi əlaqələrin möhkəmləndirilməsinə, milli dəyərlərin və mədəniyyətin tanıdılmasına, təhsil və elm sahəsində əməkdaşlığın inkişafına yönəlib.

Konfransın rəsmi açılışından sonra Qaşqadərya Vilayət Musiqili Dram Teatrında “Özbəkistan–Azərbaycan – əbədi dostluq” adlı konsert proqramı təşkil olunub. Mədəni proqram elmi tədbirin məzmununu tamamlayaraq iki xalqın dostluğunun və mənəvi yaxınlığının bədii ifadəsinə çevrilib.

ADPU-nun Quba filialının konfransda tərəfdaş kimi iştirakı, nümayəndə heyətinin elmi məruzələri, metodologiya seminarı və Dostluq Mərkəzinin açılışında təmsil olunması səfərin elmi, pedaqoji və mədəni istiqamətlərini birləşdirib. Bu fəaliyyətlər Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi və gələcək birgə layihələrin inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?