Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı regionun təhsil və elm potensialını gücləndirmək, həmçinin yeni açılacaq ixtisasların tədris keyfiyyətini yüksəltmək məqsədilə növbəti əhəmiyyətli addımını atmışdır.
Filialın nümayəndə heyəti Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda işgüzar səfərdə olub. Səfər çərçivəsində filial əməkdaşları institutun zəngin elmi-tədqiqat xarakterli kitab fondu və laboratoriya imkanları ilə yaxından tanış olublar. Görüşdə əsas müzakirə mövzusu yeni ixtisaslar üzrə təhsil alacaq tələbələrin bu resurslardan necə bəhrələnə biləcəyi və gələcək birgə fəaliyyət planları olub.
Görüş zamanı filialın direktoru, professor Yusif Alıyevin rəhbərliyi ilə yeni açılacaq ixtisasların maddi-texniki və elmi bazasının formalaşdırılması istiqamətində görülən işlərin müstəsna əhəmiyyəti xüsusi vurğulanıb. Bildirilib ki, bu cür əməkdaşlıqlar tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə birləşdirmələri üçün geniş imkanlar açacaqdır.
Filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyeva institutun məsul şəxslərinə fənn proqramları və sifariş vərəqləri əsasında zəruri elmi ədəbiyyatların əldə edilməsi, habelə elektron resursların mübadiləsi ilə bağlı konkret təkliflər irəli sürüb. Təkliflər tərəflər tərəfindən yüksək qiymətləndirilib.
Sonda Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlıya elm və təhsilin inteqrasiyasına verdiyi dəstəyə və göstərilən səmimi qəbula görə dərin təşəkkür ifadə olunub.
ADPU-nun Quba filialı regionun elmi mərkəzinə çevrilməyə və gənc mütəxəssislərin yetişdirilməsində yenilikçi yanaşmalar tətbiq etməyə davam edir!






