ADPU-nun Quba filialı II Quba Kitab Sərgisində təmsil olunub.

12.10.2026
ADPU-nun Quba filialı II Quba Kitab Sərgisində təmsil olunub.

10–11 oktyabr 2026-cı il tarixlərində Quba Rayon Heydər Əliyev Mərkəzində keçirilən II Quba Kitab Sərgisi kitab, mütaliə və ədəbi-mədəni dəyərlərin təbliği baxımından əlamətdar hadisə kimi yadda qalıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının tərəfdaş qismində iştirak etdiyi sərgi iki gün ərzində ədəbiyyatsevərləri, tanınmış yazıçı və şairləri, ziyalıları, təhsil nümayəndələrini və gəncləri bir araya gətirib.

Sərgi çərçivəsində tanınmış yazıçı və şairlərlə görüşlər, imza saatları, konsert proqramı, uşaqlar üçün intellektual ustad dərsləri, mütaliə saatları, eləcə də müxtəlif əyləncəli tədbirlər və səhnəciklər təşkil olunub. Bu tədbirlər iştirakçıların mütaliəyə marağının artırılması, kitaba sevginin təşviqi və ədəbi-mədəni mühitin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

ADPU Quba filialının əməkdaşları və tələbələri də sərgidə fəal iştirak ediblər. Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova, Tələbə, məzunlarla iş və karyera şöbəsinin müdiri Hikmət Musayev, şöbənin baş mütəxəssisi Fatimə Allahverdiyeva, filologoya kafedrasının müəllimi Elnurə Şirinova və bir qrup könüllü tələbə ilə birlikdə iki gün davam edən sərgidə iştirak edərək bu əhəmiyyətli mədəni tədbirə dəstək veriblər.

Universitet əməkdaşlarının və tələbələrin sərgidə iştirakı ali təhsil müəssisəsi ilə ictimai-mədəni platformalar arasında əməkdaşlığın genişləndirilməsi, gənclərin intellektual inkişafının dəstəklənməsi, mütaliə mədəniyyətinin təşviqi və tələbələrin ictimai fəallığının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

ADPU Quba filialı təhsilin və elmin inkişafı ilə yanaşı, milli-mənəvi dəyərlərin, ədəbiyyatın və mütaliə mədəniyyətinin təbliğini də öz fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. II Quba Kitab Sərgisində tərəfdaş qismində iştirak filialın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin və ictimai-mədəni təşəbbüslərə verdiyi dəstəyin növbəti təzahürüdür.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?