ADPU-nun Pedaqoji Forumunun növbəti dinləməsi keçirilib.

06.09.2019
ADPU-nun Pedaqoji Forumunun növbəti dinləməsi keçirilib.

ADPU-nun Pedaqoji Forumunun növbəti dinləməsi keçirilib.

___Sentyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun növbəti-2019-2020-ci tədris ilinin başlanmasına həsr edilmiş VIII dinləməsi keçirilib. Görüşdə ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsində çalışan, tanınmış azərbaycanlı alim Asəf Salamov “Birləşmiş Genom İnstitutunda göbələk və yosunların genomikası” mövzusunda məruzə ilə çıxış edib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllimləri, tanınmış və nüfuzlu təhsil mütəxəssisləri, müvafiq sahədə tədqiqat aparan alimlər, təhsil ekspertləri, pedaqoji ictimaiyyətin nümayəndələri və təhsil sahəsindən yazan jurnalistlər iştirak ediblər.

___Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov qonaqları salamlayıb və bildirib ki, bu gün universitetin həyatında əlamətdar bir gündür. Biz bu gün ABŞ-ın Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsində çalışan, görkəmli azərbaycanlı alim Asəf Salamovla görüş keçiririk. A. Salamov dünya miqyasda tanınan böyük azərbaycanlı alimdir.

___Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tanınmış alim Asəf Salamovun həyat və elmi fəaliyyəti haqqında məlumat verərək bildirib ki, o, 1961-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib, təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun biotexnologiya qrupuna göndərilib. Bir müddət hazırlıqdan sonra Novosibirsk şəhərinə, SSRİ EA-nın Sitologiya və Genetika İnstitutuna göndərilib. 1987-1990-cı illərdə Sitologiya və Genetika İnstitutunun aspirantı olub. 1991-ci ildə “Qlobulyar zülalların ikincili quruluşunun təkamülü” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1991-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda riyazi biologiya qrupunda çalışıb. 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində, 1997-1998-ci illərdə Yaponiyada Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə Böyük Britaniyanın Kembric şəhərində yerləşən Senger İnstitutunda, 2000-2002-ci illərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində biotexnologiya kampaniyasında işləyib. 2002-ci ildən ABŞ-ın Birləşmiş Genom İnstitutunda enerji şöbəsində çalışır. Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir. Asəf Salamov 65-dən çox elmi məqalənin müəllifidir. Alimin məqalələri dəfələrlə yüksək impakt-faktorlu, çox nüfuzlu “Nature”, “Science” jurnallarında dərc olunub. O, həmçinin “İnsan genomu” üzrə beynəlxalq layihənin iştirakçısı olmuş yeganə azərbaycanlı alimdir. Dünyanın ən nüfuzlu elmi jurnallarından hesab olunan “Tompson Röyter” beynəlxalq miqyasda tanınan və elmi məqalələrindən ən çox sitat gətirilən görkəmli alim-tədqiqatçıların siyahısını dərc edib. Bütün dünya üzrə 3215 nəfər alimin yer aldığı siyahıda Asəf Salamov da var. Nobel mükafatı laureatlarının da yer aldığı siyahıda Asəf Salamov 2 istiqamət – kimya-biologiya və biologiya, eləcə də bitki və zoologiya elmləri üzrə ən çox sitat gətirilən alimlərdən biridir. Adıçəkilən siyahıda ABŞ-dan 1717 nəfər, Böyük Britaniyadan 340 nəfər, Almaniyadan 164 nəfər, Çindən 160 nəfər, Fransadan 100 nəfər, İsraildən 10 nəfər alimin adı yer alıb. Həmyerlimizin dünyanın ən nüfuzlu elm jurnallarından hesab olunan “Tompson Röyter”in reytinq siyahısında yer alması elm və təhsilimizin növbəti uğuru kimi qiymətləndirilə bilər.

___A.Salamov təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Sonra çalışdığı institutun fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, institut əsasən fundamental elmlərlə məşğul olur, tədqiqat işlərinin bir çoxunun praktik tətbiqi əhəmiyyəti var.

___Əsas hədəfi insan və heyvan xromosomlarının öyrənilməsi olan institut 2004-ci ildən bitgiləri, 2013-cü ildən görünməz kiçik orqanizmləri öyrənməyə başlayıb. 2018-ci ildən isə kiçik molekulların tədqiqinə keçib. İnstitut bütün dünyada ətraf mühitin genomikası sahəsində aparıcı mərkəzlərdən biridir. İnstitut öz elmi tədqiqatlarında böyük uğurlar qazanıb.

___A.Salamovun geniş və maraqlı təqdimatı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək təqdimatı yüksək qiymətləndirib və alimə yeni uğurlar arzulayıb.

___Daha sonra iştirakçıların sualları cavablandırılıb, maraqlı fikir mübadiləsi aparılıb.

  • Mənbə: ADPU Quba filialı
  • Müəllif: Sərxan Ağası
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?