Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keyfiyyətin yüksəldilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Rektor yanında Keyfiyyətin Təminatı Komissiyası və Keyfiyyətin təminatı şöbəsinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvləri ilə növbəti geniştərkibli müzakirə görüşü keçirilib.
Tədris işləri üzrə prorektor dos. Eldar Aslanovun açılış nitqi ilə başlayan görüşdə universitetdə tədrisin keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması, idarəetmədə şəffaf mexanizmlərin gücləndirilməsi və professor-müəllim heyətinin fəaliyyətinə dair reytinq sisteminin təkmilləşdirilməsi kimi mühüm məsələlər müzakirə edilib. Prorektor çıxışında ADPU-nun keyfiyyət mədəniyyətini inkişaf etdirmək istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
Keyfiyyətin təminatı şöbəsinin müdiri dos. Qalib Şərifov professor-müəllim heyətinin 2025-ci il üzrə reytinq qiymətləndirilməsi prosesində tətbiq ediləcək yeniliklər, meyarların daha obyektivləşdirilməsi və fəaliyyətin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsi barədə məlumat verib. Həmçinin işçi qrupun üzvləri təqdim edilərək yeni qiymətləndirmə modelinin qurulması istiqamətində görülən işlər haqqında ümumi məlumat verilib.
Daha sonra şöbənin mütəxəssisi Bəyim Nəbiyeva tərəfindən tələbə-məzun sorğularının 2025-ci il üzrə nəticələrinin müqayisəli analizi təqdim olunub. Təhlil universitetin akademik mühitinə dair tələbə məmnunluğu, dərslərin keyfiyyəti və məzunların hazırlıq səviyyəsi kimi vacib indikatorları əks etdirib.
Universitetin beynəlxalq reytinqlərdə təmsilçiliyi ilə bağlı məruzə Keyfiyyət təminatı şöbəsinin baş mütəxəssisi Nazpəri Abdulrahmanova tərəfindən təqdim edilib. Məlumatlara əsasən, ADPU-nun beynəlxalq akademik platformalarda iştirakı genişlənməkdədir və gələcək dövr üçün strateji hədəflər müəyyən olunmuşdur.
Görüşün gedişində Qərənfil Məmmədzadə professor-müəllim heyətinin 2025-ci il üzrə reytinq qiymətləndirilməsi ilə bağlı kafedralar üzrə irəli sürülmüş təklifləri müzakirəyə çıxarıb. Təkliflərdə pedaqoji fəaliyyətin, elmi işin, mədəni tədbirlərdə iştirakın və tələbələrlə işin daha obyektiv meyarlarla qiymətləndirilməsi əksini tapıb.
Görüşün əsas müzakirə mövzularından biri isə Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılmış akkreditasiya prosesinin nəticələri əsasında hazırlanan 2024–2026-cı illər üzrə Fəaliyyət Planı olub. Bu çərçivədə təqdim edilən “Monitorinq Siyasəti” sənədi fakültə və şöbələrdə fəaliyyətlərin izlənməsi və hesabatlılığın vahid standartlara uyğun şəkildə tənzimlənməsini nəzərdə tutur. Sənəd monitorinq prosesinin mərhələlərini, məsuliyyət bölgüsünü və qiymətləndirmə mexanizmlərini əhatə edir.
Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, komissiya üzvlərinin irad və təklifləri dinlənilib və keyfiyyət təminatı istiqamətində növbəti addımların müəyyənləşdirilməsi məqsədilə ümumi razılıq əldə olunub.


