ADPU Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə 2019/2020-ci tədris ilindən başlayaraq ümumi tədris göstəriciləri ən yüksək olan tələbələrə semestrdə bir dəfə olmaqla adlı təqaüdlər təyin edilir. Təqaüdlər müxtəlif ictimai siyasi xadimlərin adına müəyyənləşdirilib. Bunlar Heydər Əliyev, Fətəli xan, Səməd Vurğun, Nadir İbrahimov, Badisəba xanım Köçərli, Abbasqulu ağa Bakıxanov və Kübra Fərəcova adına təqaüdlərdir.
Məlum olduğu kimi ilk ali təqaüd ümummilli lider Heydər Əliyevin adına təsis olunub. Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda dünyaya gəlib. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alsa da, müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. Sonradan Leninqrad və Moskva şəhərlərində xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilib. 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilib, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
Fətəli xan Quba xanlığının VI xanıdır. 1736-cı ildə Qubada anadan olub. 1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan 1789-cu ilə qədər hakimiyyətdə olub. Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınıb. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırıb. Nadir şah Əfşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən Azərbaycanı müstəqil ölkə kimi görmək istəyən Fətəli xan ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olub. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe edib. Otuz illik silahlı mübarizəsindən sonra Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail olub. Müasirləri Fətəli xanı mahir və istedadlı dövlət xadimi kimi xarakterizə edirlər.
Səməd Vurğun 1906-cı ildə Qazaxın Yuxarı Salahlı kəndində anadan olub. Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçidir. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), 2 dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı ilə təltif edilib. Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Azərbaycan SSR EA-nın akademiki və vitse-prezidenti olub. Azərbaycanın ilk xalq şairi, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.
Nadir İbrahimov 1932-ci ildə Qubada anadan olub və astronom və astrofizik kimi tanınıb. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirəndən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləyib. Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nəaliyyətlər əldə edib. Marsın böyük qarşıdurması zamanı onun irimiqyaslı, çoxsaylı təsvirlərini alıb və planetin xəritəsini tərtib edib. Mars səthindəki krater onun şərəfinə adlandırılıb. Nadir İbrahimov öz həmkarlarıyla birgə müxtəlif işıq süzgəcləriylə Marsın 2 mindən artıq fotosunu çəkib. Onun Marsla bağlı araşdırmaları planetin topoqrafik xəritələrinin qurulmasında mühüm rol oynayıb.
Badisəba xanım Köçərli məşhur maarifçi Firidun bəy Köçərlinin həyat yoldaşıdır. 1881-ci ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. Badisəba xanımın təhsili ilə Firudun bəy fərdi məşğul olub, onun maarifçi şəxsiyyət kimi yetişməsində böyük zəhmət çəkib. Badisəba xanım öz vəsaiti hesabına 1918-ci ildə Qazaxda “Yetim və qaçqın uşaqlar evi” açıb. 1920-ci ilin iyun ayında bolşevik-daşnaklar tərəfindən Gəncədə güllələnən Firidun bəydən sonra Badisəba xanım onun maarifçilik fəaliyyətini davam etdirib. Bakı Pedaqoji Texnikumunda müəllim işləməklə yanaşı, pedaqoji institutda da təhsilini davam etdirib. 1925-ci ildə Maarif Komissarlığının əmri ilə Zaqatalaya göndərilib və ilk dəfə Pedaqoji Texnikum təşkil edib. 1929-cu ildə isə Quba Pedaqoji Texnikumunun yaradıcısı olub. 1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin də yaradıcısı və direktoru olub, yüzlərlə kimsəsiz uşağın böyüməsi və təhsil almasında əvəzsiz xidmətlər göstərib. “Şərəf nişanı” ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif olunub.
Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakı xanlığının Əmircan ərazisində anadan olub. Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi, ölkənin ilk tarixçisidir. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada “Gülüstan” adlı elmi-ədəbi məclisin təşkilatçılarından biri olub. 1820-1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak edib. “Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanıb. Dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri var.
Kübra Fərəcova 1907-ci ildə Qubada anadan olub. Görkəmli Azərbaycan pediatrı və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar Həkimi, Böyük Vətən müharibəsi iştirakçısıdır. Kürdəmir qız məktəbinin təşkilatçı və müəllim, Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini, AKP MK-də təlimatçı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, Azərbaycan SSR Səhiyyə naziri, N.K. Krupskaya adına Ana və Uşaq Mühafizəsi İnstitutunun direktoru və s. vəzifələrdə işləyib. Tədqiqatı əsasən, uşaqların fiziki inkişafına, ana və uşaqların mühafizəsinə həsr olunub. SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Elmi kadrların hazırlanmasında böyük xidməti var.