ADA Universitetinin ADPU Quba filialına hədiyyəsi

29.10.2024
ADA Universitetinin  ADPU  Quba filialına hədiyyəsi

ADA Universitetinin “Azərbaycan” qəzeti (1918-1920) barədə hazırladığı 11 cildlik külliyyat Quba filialına hədiyyə edilib

ADA Universiteti tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin (1918-1920) fəaliyyəti barədə hazırlanmış 11 cildlik külliyyat Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialına hədiyyə edilib.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin (1918-1920) transliterasiya edilərək kitab şəklində nəşr edilmiş 11 cildlik külliyyatı filialın Kitabxana və elektron resurslar şöbəsinə təhvil verilib.
Mahnur Abbasova, Elşad Göyüşov və Ruslan Müslümov filialı ziyarət edərkən çalışdıqları ADA Universitetinin qiymətli hədiyyəsini külliyyat şəkilində təqdim ediblər.
Filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev göstərilən diqqəti iki ali təhsil ocağı arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə və qarşılıqlı səmərəli əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Təqdimetmədə çıxış edən dosent Yusif Alıyev sözügedən külliyyatın həmin dövr tədqiqatı ilə məşğul olan elm adamları, eləcə də doktorantlar üçün əvəzsiz mənbə olduğunu diqqətə çatdıraraq Cümhuriyyətin 80 illik yubileyində ümummilli lider Heydər Əliyev 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini və milli hökumətin fəaliyyətini yüksək qiymətləndirdiyini xatırladıb. Ulu öndər demişdir: “Xalq Cümhuriyyətinin 80 illik yubileyinə respublikamızda hazırlıq aparılarkən elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilib. Tarixçilər, ədəbiyyatçılar, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı geniş tədqiqat işləri aparıb, çox maraqlı faktlar meydana çıxıb. Bir çox tədqiqat əsərləri nəşr olunub”.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın Cümhuriyyət tarixini hər zaman xoş sözlərlə tərənnüm etdiyini diqqətə çatdıran direktor Yusif Alıyev dahi şəxsiyyətinin bu mövzudakı ifadələrini olduğu kimi ifadə edib: “Ümidvaram ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bu işlər uğurla davam etdiriləcək. Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasına qədərki dövr və 2 illik fəaliyyəti tarixi əsərlərdə öz əksini olduğu kimi tapacaq”.
On bir cildlik külliyyatı bu istiqamətdə əldə edilmiş nəticələrin ən önəmlisi kimi dəyərləndirən dosent Yusif Alıyev bu layihəyə rəhbərliyi uğurla həyata keçirən professor Hafiz Paşayevə, həmçinin belə qiymətli kitabların filiala hədiyyə edilməsində əməyi olan prorektor Fariz İsmayılzadəyə filialın kollektivi adından dərin minnətdarlığını ifadə edib.
Direktor bildirib ki, gələcəkdə filialın Kitabxana və elektron resurslar şöbəsində ADA Universitetinə aid kitab, məlumat, sənəd və faktlardan ibarət guşə yaradılması nəzərdə tutulur.
Daha sonra 11 cildlik kitablar Kitabxana və elektron resurslar şöbəsinin müdiri Samirə Hacıyevaya təqdim edilib. Şöbə müdiri də öz növbəsində qiymətli hədiyyələrə görə, əməkdaşlar və oxucu heyəti adından minnətdarlığını ifadə edib, yeni nəşrləri elm və bilik mübadiləsi kimi səciyyələndirib.
Filialda səmimi qarşılanmaya görə, minnətdarlıqlarını ifadə edən ADA universitetinin əməkdaşları da öz növbələrində qeyd ediblər ki, ADA-nın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu layihə əsasında artıq ərəb qrafikalı əlifbadan latın qrafikalı müasir Azərbaycan əlifbasına köçürülərək, lüğət, izahlar, şərhlər və adlar göstəricisi əlavə edilməklə “Azərbaycan” qəzetinin bir çox nömrələri transliterasiya olunub və 11 cildlik kitab halında nəşr edilib.
Məlumat verilib ki, Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin 1918-1920-ci illərdə nəşr olunmuş 443 nömrəsinin transliterasiya ilə 20 cilddə çapı nəzərdə tutulur.
Çıxışlarda əminliklə qeyd olunub ki, bu layihə geniş mənada, gələcəyin bütün dövrlərində ilk növbədə Azərbaycan jurnalistikasına, tariximizə, dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə və xalqımızın milli-azadlıq mübarizəsinə verilən çox dəyərli töhfə, əlamətdar hadisə kimi qiymətləndiriləcəkdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?